Azərbaycan və Türkiyə tarixin bütün dövrlərində bir-birinin yanında olublar.

Azərbaycan və Türkiyə tarixin bütün dövrlərində bir-birinin yanında olublar.

Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərlə Qarabağın hər yerində sabitlik, əmin-amanlıq və yeni inkişaf olacaq. Geridə qalmış otuz ildə Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin bu işdən qazancla çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bəllidir. İşğal altındakı həmin torpaqlar otuz il sonra yenidən sahiblərinə qovuşdu.
Azərbaycan,Türkiyə, Rusiya,İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçilik aradan qalxacaq. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcək. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir.
Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifini vermək mümkün deyil. Bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla bütün dünyaya çıxa biləcəklər, beləliklə onlar özləri özlərini saldıqları blokadadan xilas ola biləcəklər.
Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaq. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar sadalanmaqla bitməz. Bu Zəfər hər kəsin ortaq zəfərinə çeviriləcəkdir.
Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazdı.
Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaq.
Türk millətinə hər cür iftira atanlar, əvvəlcə, Qafqaza, Azərbaycana baxmalıdırlar. Nuru Paşanın Qafqaza gəldiyi dövrdə ermənilər 12 mindən çox türkü, müsəlmanı qətlə yetirmişdilər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq bir qətliam yaşanmışdır. Həm də təkcə yüz il əvvələ deyil, otuz il bundan əvvəl Qarabağda yaşananlara, Xocalıda yaşananlara baxmalıdırlar. Ermənistanın vəhşi davranışı Qarabağın kimin Vətəni olduğunu bir daha dünyaya göstərdi. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyənlər Qarabağa gəlib iki dönəm arasında olan fərqə baxıb öz gözləri ilə bu vəhşiliyi görməlidirlər.
Pənahəli xan dövründən bəri Şuşa təbii bir incəsənət akademiyası kimi, musiqinin, ədəbiyyatın, incəsənətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olmuşdur. Pənahəli xanın zamanından, xüsusilə şeirləri bu gün də sevilərək oxunan Qarabağ xanının vəziri Molla Pənah Vaqifdən başlayaraq Şuşa ədəbiyyatın mərkəzi olmuşdur.
Qartal yuvası kimi qayaların üstündə, səmaya yaxın salındığı üçün Şuşada mədəniyyətin, incəsənətin, ədəbiyyatın ilhamı daim bol olub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Rəşid Behbudovun və daha neçə-neçə incəsənət xadimlərinin, şairlərin yurdudur. Əhməd bəy Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyə və türk dünyasında da fikirləri ilə söz sahibi olmuş mütəfəkkirlərin yurdu olan gözəl Şuşa bu gün bir daha öz qədim mədəniyyəti ilə yenidən dirçəlir.
Bugün işğaldan azad olunmuş ərazilərdə sürətlə yollar inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur, bir sözlə yeni inkişaf dövrü başlayıb. Qardaş Türkiyə də bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin inşasında, ümumiyyətlə Qarbağın inkişafında yaxından iştirak etməsi əbədi qardaşlığımızın, dostluğumuzun bariz nümunəsdir.
Namaz Manafov,
Filologiya üzrə fəlsəfə doktoru
Alət çubuğuna keç