Ali Baş Komandan İlham Əliyev: Biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Ali Baş Komandan İlham Əliyev: Biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik.

Bakı, 26 iyun,

Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.

Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində söyləyib.

Dövlətimizin başçısı deyib: “İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir”.

Prezident qürur hissi ilə qeyd edib ki, biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. “Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”, – deyə Müzəffər Ali Baş Komandan İlham Əliyev vurğulayıb.

Alət çubuğuna keç