Heyvandarlığın yem bazasının gücləndirilməsi qarşıya əsas vəzifə kimi qoyulub – sınaqlar uğurlu nəticə göstərir

Heyvandarlığın yem bazasının gücləndirilməsi qarşıya əsas vəzifə kimi qoyulub – sınaqlar uğurlu nəticə göstərir
Beyləqanda xaşa bitkisi və yoncanın bir neçə növü sınaq mərhələsindən uğurlu çıxıb, iqlimə uyğun sortlar müəyyən edilib.

Beyləqanda 11 sort yonca toxumu və xaşa bitkisi sınaqdan keçirilib. Əsas məqsəd regionun iqlim şəraitinə uyğun toxumların seçilməsidir.
Xaşa bitkisi qeyri-ənənəvi bitki olduğu üçün əkini az aparılır. Lakin tərkibinə görə yoncadan üstün sayılır. Bitkinin gələcəkdə yem bazası kimi istifadə edilməsi planlaşdırılır. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Sevil Abbasquliyeva deyir ki, ölkədə heyvandarlığın inkişafı üçün yem bazasının gücləndirilməsi qarşıya əsas vəzifə kimi qoyulub. Müşahidələr onu göstərir ki, fermerlər bir çox hallarda xarici sort toxumlardan istifadə edən zaman bəzi çətinliklər yaranır. Bununla bağlı təsərrüfat sahiblərinin instituta bir çox müraciətləri daxil olur.
“Buna görə də Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə qərara alındı ki, yonca toxumlarının bölgələrə uyğun sortlarını sınaqdan keçirək. Bitkilərin əkini ilə yanaşı, həm də onların nümayişi aparılır. Fermerlərə daha məhsuldar toxumlardan istifadə tövsiyə edilir. Artıq nəticə də əldə olunub. Xarici sort toxumlardan olan “Marmilla” Beyləqanda yaxşı nəticə göstərib. Həmçinin institutun ərsəyə gətirdiyi “Səba yeli” və “Odlar yurdu” yerli yonca sortları da yaxşı çıxış verib. Dağlıq və dağətəyi zonalar üçün nəzərdə tutulan xaşa bitkisinin əkini də sınaqdan uğurlu çıxdı”, – deyə Sevil Abbasquliyeva bildirib.
Yonca toxumlarının və xaşa bitkisinin nümayişi üçün fermerlər, əsasən də heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri ilə görüşlər keçirilib. Bu sortların əhəmiyyəti barədə onlara məlumat verilib. Təsərrüfat sahibi Saleh Əliyev deyir ki, bu cür layihələr kənd təsərrüfatı sahəsinin inkişafı üçün önəmlidir. Çünki burada aparılan əkinlər birbaşa elmi əsaslara söykənir.
Qeyd edək ki, 11 növ yonca toxumu və xaşa bitkisinin öyrənilməsi üçün digər bölgələrdə də əkini həyata keçirilib. Həmin əkin sahələrində nəticələrin araşdırılması üçün monitorinqlər aparılır.
tez-xeber.com Mətbuat Xidməti   Rahib Yusifov
Alət çubuğuna keç