Ermənistanda səslənən sual. Erməni apostol kilsəsi nüfuzunu itirir

Ermənistanda səslənən sual. Erməni apostol kilsəsi nüfuzunu itirir
Erməni kimliyinin əsas göstəricilərindən biri apostol kilsəsidir və lap yaxın tarixədək dünyanın harasında yaşamasından asılı olmayaraq, bu, erməni toplumu üçün mübahisəsiz qəbul edilən fakt olub.
Erməni kilsə tarixi iddia edir ki, “Ermənistan dünyada xristianlığı dövlət dini olaraq qəbul edən” ilk ölkədir, lakin həmin “tarix” o “dövlətin” fiziki və yaxud siyasi xəritəsinin hüdudlarını göstərməyi çox vaxt “unudur”. Gerçəklik isə odur ki, bununla belə, erməni apostol kilsəsi erməni toplumunun həyatında ən mühüm institutlardan biri, bəlkə də birincisinə çevrilə bilib.
Hər halda, yaxın üç ilə qədər bu cür görünürdü.
Nəticə olaraq, erməni kimliyi yaddaşına həkk etdirilən xəyali “ermənistan dövləti” ilə deyil, kilsə-dövlət missiyasını yerinə yetirən real bir teokratik dövlətlə baş-başa qalıb. Həmin “dövlətin” başlıca “qayğısı” isə “zavallı erməni xalqının” gələcəyi naminə kilsənin var-dövlətini artırmaq olub. Bizans imperiyası və yaxud Osmanlı sultanlığına, Ağqoyunlu və ya Səfəvi hökmdarlarına münasibətdə kilsənin əsas hədəfləri belə idi. Cənubi Qafqazın istedadlı, ancaq “sahibsiz” aborigen əhalisini “etibarsız millət” kimi əvvəl bizanslıların, daha sonra Rusiya imperatorlarının gözündən salmaqda erməni kilsəsinin niyyəti həmin hədəflərlə sərhədlənirdi: istənilən yolla alban kilsəsinin varidatına və ucsuz-bucaqsız torpaqlarına yiyələnmək. Kilsənin iddiaları Cənubi Qafqazda təmin edildikdən sonra onun nəzərləri Anadolu istiqamətinə yönəldi.
XIX əsrin sonlarında Osmanlı İmperiyası üçün hazırlanan “Balkan tələsi”nin istənilən vaxt açılmasını görmək üçün nə iti ağıl, nə də iti göz lazım olmayanda erməni apostol kilsəsi bütün cinahlar üzrə hücuma hazır vəziyyət ala bilmişdi. Bu ərəfədə “siyasi partiya” kimi yaransa da, siyasi platformasına zərbə qüvvələrini “hərbi hazırlıq” məsələləri kimi çıxarmaqdan çəkinməyən “Armenaqan”ın maliyyələşdirilməsi erməni kilsəsinin, şəxsən katolikos I Makarın (Ter-Petrosyan) əsas qayğılarından birinə çevrildi. Sonralar meydana sıxan “Hnçaq”, “Daşnaksütyun”, elə ötən əsrin 70-80-ci illərində “Krunq”un yaradılması da “erməni xalqına qarşı gözlənilən dövlət terroruna qarşı” kilsənin “qabaqlayıcı tədbirlərindən” sayıla bilər.
I Dünya müharibəsi ərəfəsində Tiflisə səfər edən II Nikolayın görüşünə gələn katolikos V Gevorq (Tpxisetsi Surenyan) imperatoru inandırırdı ki, Türkiyədəki ermənilər müharibə başlayacağı anda 100 min nizami ordu birləşməsi yaradaraq Rusiyanın yanında dayanmağa hazırdır. Bu vəddən sonra Dro, Nijde, Andronik və digərlərinin rəhbərliyi ilə həmin nizami ordu hissələri təşkil edildi və sonralar, Lozanna Konfransında “erməni mühacir hökuməti” I Dünya müharibəsində tərəf olduğunu ortaya qoymağa çalışdı. Müharibənin getdiyi vaxtlarda Şərqi Anadoluda ən amansız və qəddar ölümə məhkum edilən yüz minlərlə türkün və kürdün, dinc kəndlilərin ölüm hökmü kilsədən verilsə də, icraçılar həmin “tərəf” idi.
O illərdə Türkiyə ərazisində erməni silahlı dəstələrinin yaradılmasının ideoloji və maddi qaynağı birbaşa erməni apostol kilsəsindən gəlirdi.
1988-ci ildə üfüqdə SSRİ-nin süqutu göründüyü vaxtlarda Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı məkrli planlar həmin ünvanda cızılırdı. Tarixi vətənlərində yaşayan sonuncu 200 min azərbaycanlının ölüm qorxusu altında Ermənistandan çıxarılması metodikasının müəllifləri də eyni ünvanda əyləşmişdilər.
Bu gün Ermənistanda etiraf edənlər var ki, Azərbaycanın işğal olunan ərazilərində azərbaycanlılara qarşı tətbiq edilən ağlagəlməz işgəncə əməliyyatlarının çoxu, yəqin elə Xocalı soyqırımı da erməni kilsəsinin “beyin məhsulu”dur. Həmin “məhsulun” fəlsəfəsinə gəlincə, 2012-ci ildə “Exo Moskvı” radiostansiyasına müsahibəsində Aleksey Venediktovun “O ki qaldı, Xocalıya, orada baş verənləri xatırlamaq belə, dəhşətdir…” sualına o zamankı Ermənistan prezidenti, sonralar “solyarka” oğurluğu üzrə açılan cinayət işində əsas fiqur olan Serj Sarkisyan belə cavab vermişdi: “Xocalıda olanlar ona görə baş verdi ki, biz başladığımız işi sona çatdırmaqda qərarlı olduğumuzu azərbaycanlılara göstərməliydik…”.
Ermənilər “başladığı işi sona çatdırmaqda qərarlı olduqlarını azərbaycanlılara göstərəndən” 3-4 ay sonra katolikos I Vazgen işğal edilmiş Şuşa şəhərinə gələrək, Allah adından onlara xeyir-dua verirdi…
Zəmanəmizdə isə bu ruhani missiyanın 132-ci daşıyıcısı, “günahkar dünyada” doğulmuş Ktriç Qriqoryeviç Nersisyanın çiyinlərinə düşüb. Onu yada salaq ki, 70 yaşlı Nersisyan, V Nersesdən sonra hazırkı Ermənistan ərazisində doğulan birinci katolikosdur və vəzifəsinin icrasına II Qaregin kimi başlayıb. Bütün ermənilərin ali patriarxı və katolikosu on illərdir fərqli vətəndaşlığa, fərqli siyasi baxışlara, fərqli sosial statusa malik insanlardan ibarət kütlə üçün mübahisəsiz bir səlahiyyət sahibi ola bilib.
Bununla belə, hər şey 2018-ci ildə dəyişdi.
Məxməri inqilabdan çıxan Ermənistan vətəndaşlarının əhəmiyyətli bir hissəsi kilsə rəhbəri II Qareginin istefasında təkid göstərirdi. Erməni ictimaiyyətinin nəzərəçarpacaq hissəsi hesab edirdi ki, ölkəni mövcud duruma gətirən təkcə “erməni xalqının xoş gələcəyi” üçün “çarpışan” siyasətçilər deyil, həm də Allahın və “erməni xalqının qulları” olan kilsə xidmətçiləridir. Patriarxın avtomobili dəfələrlə etirazçılar tərəfindən mühasirəyə alındı, hətta katolikosun Eçmiədzindəki monastr həyətinə yaxın yaşayış binasında əlbəyaxa döyüşlər getdi.

İnsanların qəzəbinin səbəblərindən biri də kilsə rəhbərliyinin lüks həyatıdır. Koçaryan-Sarkisyan bandasının üzvləri ilə “haqq- hesab çəkməyi” qətiləşdirən Ermənistan cəmiyyəti üçün katolikos və ətrafındakı “parazit sürüsü” də həmin quldur dəstəsindən heç nə ilə fərqlənmirdi.
Yeri gəlmişkən, həmin “təlatümlü anlarda” II Qaregin müdafiəsi üçün yerdə təmsilçisi olduğu böyük Allaha deyil, “bu günahkar dünyanın” kiçicik adamına – hakimiyyətə yenicə gəlmiş Nikol Paşinyana üz tutmağı zəruri saydı. Baş nazirin katolikosa cavabı isə kilsənin hakimiyyətdən ayrı olmasını xatırlatması oldu. Onu da yada salaq ki, bu cavabın əvəzini II Qaregin 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğramış Ermənistanda cəmiyyətini baş nazirə etirazlarını körükləməklə verdi.
Bu, II Qareginin qalmaqalın mərkəzinə ilk dəfə düşməsi deyildi. O, hələ 2007-ci ildə baş nazir Serj Sarkisyanın əlindən mükafat qismində silah almışdı. Baş kilsə xadiminin statusunun odlu silahlarla necə birləşdirildiyi ilə bağlı cəmiyyətdən gələn çoxsaylı suallar o vaxt cavabsız qaldı. Düzdür, cəmiyyətin özü də erməni din xadimlərinin zəhərlədiyi toplumdan ibarətdir. O toplum ki, 44 günlük müharibə zamanı işğaldan azad olunmuş Kəlbəcərdəki qriqoryanlaşdırılmış alban kilsəsinin keşişi Ter-Hovhannes Hovannesyanın əlində “Klaşnikov” avtomat tutmasını elə də pis qarşılamadı.
Buna baxmayaraq, erməni apostol kilsəsinin mahiyyəti ötən ilin payızındakı müharibədən sonra Ermənistan cəmiyyətində geniş müzakirə mövzularından birinə çevrildi. Məsələn, erməni bloqeri Roman Baqdasaryan iyun ayında həmin mahiyyətlə bağlı ancaq Ermənistanda “vurnuxub qalan” ermənilərə deyil, bütün erməni cəmiyyətinə belə bir sual ünvanladı: “Ermənistanda yaşayan şəxs olaraq 25 ildir şəxsən mən eşitmişəm ki, Qarabağdan qəbirüstü daşlar gətirilərək Ermənistanda satılır. Bu “bazarlıqda” kilsə xadimlərimizin əlinin olduğu barədə isə çoxları məlumatlıdır. Hamının eşitdiyi bu xəbər ola bilməz ki, II Qareginə çatmasın. Bəs hansı birimizsə onun bu məsələyə münasibəti barədə bir söz eşidibmi?”.
Maraqlı sualdır və ədalət naminə, 1700 illik tarixi olduğu iddia edilən kilsə barədə son vaxtlar erməni cəmiyyətində oxşar sualların intensivləşdiyi müşahidə edilir.
tez-xeber.com Mətbuat Xidməti   Rahib Yusifov
Alət çubuğuna keç