Özəlləşdirilmə ilə bağlı 2 zavod üzrə investisiya müsabiqəsi elan edilib

Özəlləşdirilmə ilə bağlı 2 zavod üzrə investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Tibb Texnikasının Təmiri Zavodu” və “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-lərin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.
Nazirliyin mətbuat xidmətindən  Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Tibb Texnikasının Təmiri Zavodu” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 1 milyon 845 min 56 manat olan 922 min 528 səhmi satışa çıxarılacaq. Müəssisənin 635 min 306 manat öhdəlikləri və 273 min 925 manat debitor borcları var.
Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində isə satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri 2 milyon 930 min 776 manat, səhmlərin sayı 1 milyon 465 min 388-dir. Müəssisənin 823 min 436 manat dəyərində öhdəlikləri və 62 min 971 manatlıq debitor borcları var. Bu müəssisələrin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2 milyon 500 min manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması ilə bağlı təkliflərini verməlidir. Hər iki səhmdar cəmiyyət üzrə iddiaçılar dövlət büdcəsinə ödəniləcək vəsaitə dair (1 milyon manatdan az olmamaqla) təkliflərini bildirməlidir. Qalib gələcəyi təqdirdə iddiaçıdan müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 200 min manat məbləğində vəsaitin beh olaraq ödənilməsi tələb olunur.
Müsabiqənin qalibləri nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 60 gün müddətində əməkhaqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirməli, təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməlidir. Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: (https://bit.ly/3qzDgsB, https://bit.ly/2SCHWRQ)
İddiaçıların ərizə və təkliflərinin qəbulu iyulun 26-dək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaq. Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında iyulun 28-i saat 11:00-dan və 15:00-dan başlayaraq həyata keçiriləcək.

Alət çubuğuna keç