Uzunluğu 101 kilometr təşkil edən Zəfər yolunda asfaltlanma işlərinə başlanıldı

Uzunluğu 101 kilometr təşkil edən Zəfər yolunda asfaltlanma işlərinə başlanıldı
Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan Zəfər yolunun dövlətimizin başçısının tapşırıq və Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir.
Ötən il noyabrın 16-da təməli qoyulmuş Zəfər yolu cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddətdə görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunub.
Dövlətimizin başçısının tapşırığına əsasən, uzunluğu 101 kilometr təşkil edən Zəfər yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla iki hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən Zəfər yolu Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri icra edilir. Zəfər yolunun inşasına cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin edilməsi məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri artıq tamamlanıb.
Zəfər yolunun ilk 6 kilometrlik hissəsində layihəyə uyğun olaraq yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib və yeni asfalt-beton örtüyünün alt layı çəkilib. Yolun 34-51-ci kilometrlik hissəsində torpaq işləri, 42-44-cü kilometrlik hissəsində isə torpaq və asfalt-beton işləri başa çatdırılıb.
Eyni zamanda, 51-76-cı kilometrlik hissədə qazma işləri tamamlanıb, yolboyu əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, bəzi hissələrdə yol əsasının alt layının tikintisinə də başlanılıb və paralel olaraq asfaltlanma işləri icra olunur. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.
Yolun bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrində layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da davam etdirilir. Körpülərin uzunluğu 33, 99 və 75 metr olmaqla yolun 0,6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq. Artıq layihənin 52-ci kilometrliyində, Böyük Tağlar ərazisində yeni körpünün inşa dayaqları tikilib.
Tikintinin qısa müddət ərzində icrasını təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa olunub. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və istirahət üçün yerlər yaradılıb.
İşin həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq, tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Qeyd edilən proseslərin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.
İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
tez-xeber.com Mətbuat Xidməti   Rahib Yusifov
Alət çubuğuna keç