22 iyul – Milli Mətbuat və Jurnalistika günüdür

22 iyul – Milli Mətbuat və Jurnalistika günüdür

Azərbaycan mətbuatının inkişafı diqqət mərkəzində olmalıdır.
Azərbaycan mətubatının banisi Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzeti 1877-ci ilin sentyabr ayına qədər 56 sayı nəşr olunub. Xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyan “Əkinçi” maarifçilik missiyasını üzərinə götürməklə həm də qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. O dövrün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edərək məqalələrlə çıxış ediblər. Milli mətbuatımızıın ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə dirçəliş olub. XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqa ziyalılar demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşrə başlayıb.
Sovetlər dönəmində kommunist ideologiyasının təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal təmsil olunub. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Bu gün ölkədə 5 mindən çox media subyekti var. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Jurnalistlər beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edirlər. Vaxtilə Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan verib, 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.
Ötən əsrin 80-ci illərindən başlayaraq milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez “dördüncü hakimiyyət” adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç “klassik” qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur. Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır.
Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar hazırlanıb. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “ Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması mətbuatın inkişafına verilmiş ən böyük töhfələrdən biridir.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
2020-ci ilin sonlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz olub. Peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın qarşısıalınmaz tələbidir.
Ölkəmizin hər yerində son on səkkiz ildən bəri həyata keçirilən regionların sosial istisadi inkişaf proqramı, dövlətimizin dünya arenasında özünəməxsus yer tutması, təhsilimizin, səhiyyəmizin mədəniyyətimizin inkişafı, idman sahəsindəki uğurlarımız, dünyanın ən böyük dövlətləri ilə birgə imzalanan kontraktlar və həyata keçirilən layihələr, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və bu kimi bütün hadisələr mətbu orqanlarında nəşr olunmaqla ictimaiyyətə məlumatlar verilir. Region mətbuatının xidmətləri də danılmazdır. Azərbaycanın energetika paytaxtı olan Mingəçevir şəhərində 1948-ci ildən bəri nəşr olunan “Mingəçevir” qəzeti fəaliyyəti dövründə şəhər ictimaiyətinin sevimli qəzeti olub. Şəhərimizdə və ölkəmizdə baş verən hadisələr, dövlətimizin uğurları, prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri ilə icra olunan işlər barədə qəzetimizin səhifələrində geniş məqalələr dərc etməklə biz jurnalistlər öz töhfəmizi veririk. Vətən müharibəsində qəhrəmanlıqla həlak olan şəhidlərimiz, qazilərimiz haqqında, həmçinin azad olunan rayonların sakinlərinin arzu və istəkləri barədə yazılar da qəzet səhifələrində işıq üzü görür. Biz qəzetimizin müntəzəm nəşr olunması üçün bütün qüvvəmizi sərf edirik. Buna rəğmən qəzetin qayğıları da diqqət mərkəzinə çəkilməlidir. Ümid edirik ki, dövlətimizin başçısının sərəncamı ilə yaradılan MEDİA Agentliyi region mətbuatına da diqqət göstərəcək, mövcud problemlərin həllinə yardımçı olacaqdır.
Mirsədi Daşdəmirov,
“Tərəqqi” medallı jurnalist
Alət çubuğuna keç