Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu yaradılır – FƏRMAN

Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu yaradılır – FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabinetinə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Təhsilin İnkişafı Fondunu bir ay müddətində yaratmaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir.
Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:
– Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar;
-ianələr, qrantlar və cəlb edilən investisiyalar;
-Fondun fəaliyyətindən əldə olunmuş gəlir;
– qanunla qadağan olunmayan digər mənbələr.
Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun nizamnaməsini iki ay müddətində təsdiq etmək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Fərmana əsasən, Təhsil Nazirliyi tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etmək məqsədilə onların büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən Fonda ayırmaların məbləğini iki ay müddətində müəyyən edəcək. Təhsil Nazirliyi Fondun büdcəsini və xərclər smetasını təsdiq edərkən bu Fərmana əsasən Fonda ayrılacaq vəsaitdən nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə ayırmalar nəzərdə tutacaq və bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Alət çubuğuna keç