Avropa İttifaqı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir.

Avropa İttifaqı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri tərəfdaşlığımızın göstərcisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur.
Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.
Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.
Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Qaz təchizatçısı kimi Azərbaycanın potensialı artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaqdır.
Avropa İttifaqı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başlanılan layihələrin əsasında olmalıdır.
Bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli dövlət olmasından xəbər verir. Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Sərhədlərin delimitasiyası məsələsində də Avropa İttifaqı yaxından iştirak etməyə hazırdır.
Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır.
Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq. Biz qonşularımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq, o, 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verib. Eyni zamanda, biz Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına investisiya yatırmışıq. Artıq bu yaxınlarda Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaqdır.
İşğaldan azad edilmiş ərazilərimizdə üç beynəlxalq hava limanı inşa edilir. Birincisi – Füzulidəki hava limanı ilin sonunadək istismara veriləcək. İkincisi – Zəngilandakı hava limanı gələn il və Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq. Beləliklə, Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.
İşğaldan azad olunmuş ərazilər xarici investisiyalar üçün açıqdır. Burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir. Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Dünya Bankının “Doing Business” hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur.
Bu, bizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. Azərbaycan bu yaxınlarda yükaşırma qabiliyyəti 10 milyon ton olan və yükaşırma qabiliyyətinin 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının açılışını edib. Bu, Azərbaycanın logistik və nəqliyyat şəbəkəsinin ən mühüm elementlərindən biridir.
Bu, həqiqətən də onu göstərir ki, Azərbaycan hökuməti infrastruktura böyük sərmayə yatırıb. Əlbəttə ki, regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək. Eyni zamanda, Ermənistan sərhədinə doğru dəmir yollarının tikintisinə başlanılıb. Ermənistan sərhədinə doğru magistral yolun tikintisinə başlanılıb. Biz öz ərazimizdə Ermənistan ərazisinə 100 kilometrdən çox magistral və dəmir yolları tikməliyik. Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Bu, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun 4 ölkəsi – Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmaya güclü dəstək verir.
Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada bir dənə də olsun salamat bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir. Həmin məskunlaşdırma halları bəlli faktdır və etibarlı mənbələr tərəfindən təsdiq olunub.
Azərbaycan 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıdır. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan – 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan misilsiz müharibə cinayətləri törətmişdir. Azərbaycan öz gücü və qardaş dövlətlərin dəstəyi ilə Qarbağda həyatı yenidən bərpa edəcəkdir.
Mirzə Cavadov,
MDU-nun baş müəllimi
Alət çubuğuna keç