İrəvan aldatmır, 4 min itki verib: videolardakı yalandır?

Ermənistan vaxtaşırı olaraq 44 günlük müharibə zamanı verdiyi itkilərlə bağlı məlumatları yeniləyir. Buna səbəb Qarabağın müharibə getmiş ərazilərində axtarışlar zamanı tapılan erməni meyitlərinin qalıqlarının tapılması, o cümlədən itkin və yaxud ölən könüllülərin qeydə alınmasıdır.

Ən son məlumatda bildirilir ki, Ermənistan İkinci Qarabağ müharibəsində 3781 əsgər itirib, 253 nəfər itkin düşüb, 108 əsir qaytarılıb və bir xeyli terrorçu da Azərbaycandadır.

İtkinlərin də məhv edildiyini nəzərə alsaq, Ermənistanın 4034 əsgərinin zərərsizləşdirildiyini, bir xeylisinin əsir götürüldüyü rəsmən etiraf olunandır.

Bu rəsmi açıqlama isə sosial şəbəkələrin Azərbaycan seqmentində maraqlı müzakirəyə səbəb olub. Bütün faktlar, video-çəkilişlər, dranların qeydə aldıqları ermənilərin daha çox itki verdiyini təsdiqləyirsə, necə ola bilər ki, Azərbaycan Ordusu təxminən 3 min, Ermənistan isə 4 mindən bir qədər çox itki versin?

Müharibə qanunlarına görə, əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Ordusu əslində daha çox itki verməlidir. Çünki ermənilər istehkamlarda gizlənir və yaxud Qarabağın relyefinə görə, yüksəkliklərdə qərar tuturdular. Buna görə də hücum edən ordunun istehkamlar alarkən və yüksəkliklərə qalxarkan açıq hədəf olması səbəbindən itkisi daha çox olmalıdır. Açıqlanan rəsmi rəqəmlərdə hücum edən və torpaqları işğaldan azad edən Ordunun daha az itki verdiyi görünür. Bu baxımdan Azərbaycan Ordusunun minimal itki ilə böyük zəfər qazandığı ümumiyyətlə müzakirə mövzusu deyil.

Buna baxmayaraq, Ermənistanın daha çox itki verdiyi faktları göz qabağındadır. Bəs, necə olur ki, Ermənistanın rəsmi statistikasında 4 mindən bir az çox itki verildiyi göstərilir? Saxtakarlıq edilib?

İstisna deyil ki, saxtakarlıq edilib və azaldılıb. Ermənistan qeyri-hökumət təşkilatları bu rəqəmin ən azı 2,5 dəfə çox olduğunu iddia edirlər. Ancaq bu iddianı təsdiqləyən siyahı – məhv edilənlərin adbaad göstərilməsi – olmadığından, rəsmi statistika əsas götürülməlidir.

Hərbi mütəxəssislərin fikrincə, Ermənistanın elan etdiyi rəqəm həqiqəti əks etdirə bilər. Amma məsələ də ondadır ki, bu, Ermənistan ordusunun itkisidir. Bu siyahıya keçmiş Dağlıq Qarabağın separatçı rejiminin silahlı birləşmələri, keçmiş və qondarma “dqr”in terrorçuları aid deyil.

Həmçinin bu siyahıya Suriya, Livan, Fransa, Rusiyadan döyüşməyə gələn erməni əsilli vətəndaşlar, eyni zamanda muzdlu terrorçular da aid edilməyib. Ermənistan tərəfdə muzdlu terrorçuların olduğunu erməni mediası müharibə zamanı təbliğat kimi istifadə də edirdi.

Qarabağda məhv edilən düşmən qüvvələrinin tərkibində olan və beynəlxalq səviyyədə tanınan terror təşkilatının qruplaşmaları “yaddan çıxıb”. Bir çox terrorçu qruplaşmalar müharibə öncəsindən Qarabağa yerləşdirilirdi və onlar ayrı-ayrı qruplar şəklində fəaliyyət göstərirdilər.

Yəni Ermənistanın itkisi 4 min ola bilər, ancaq bura Qarabağ separatçılarının terrorçu dəstələrini, beynəlxalq terrorçuları və müxtəlif ölkə vətəndaşı olan erməni əsilli “könüllüləri” əlavə etdikdə, itkilərin 10 mini aşdığına şübhə yoxdur. Nəzərə almaq lazımdır ki, ən çox müqavimət göstərənlər də məhz bu “könüllülər”, terrorçular idi və demək, ordumuzun darmadağın etdiklərinin əsas hissəsi də onlar olub.

Ermənistan ordusunun darmadağın olmasını təsdiqləyən digər fakt 10 mindən çox fərarinin olmasıdır. Hazırda Ermənistan İstintaq Komitəsində 10300 fərarilik faktı üzrə 17 minə yaxın cinayət işi araşdırılır.

Bütün hallarda müharibədən və tarixi qələbədən bir il sonra bu tip müzakirələrin sosial şəbəkədə getməsi qəribə görünə bilər. Ancaq qəribə görünən bu tip müzakirələrin cavabları da olmalıdır ki, tarix həqiqətlərdən ayrılmasın…

Mənbə: Axar.az

Alət çubuğuna keç