İlham Əliyev: “Bizim təkliflərimizə Ermənistandan cavab yoxdur, onlar il boyudur ki, susurlar…”

“Azərbaycan Ermənistana bir sıra təkliflər verib – sülh müqaviləsi üzərində işə başlamaq, çünki biz müharibədən deyil, sülhdən danışmaq niyyətindəyik. Amma təəssüf ki, bu təklif indiyədək cavabsız qalıb”.

Bunu Prezident İlham Əliyev “COVID-19-dan sonrakı dünya” 8-ci Qlobal Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan da iki ölkənin ərazi bütövlüyünü təmin etmək məqsədilə Ermənistanla sərhədin demarkasiyası və delimitasiyası prosesinə başlamağı təklif edib. “Bütün bunlar beynəlxalq normalara uyğundur, lakin təəssüf ki, bu məsələ hələ də öz həllini tapmayıb”, – Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında maksimum konstruktivlik nümayiş etdirir.

“Azərbaycan maksimum konstruktivlik nümayiş etdirir və bu, ölkə ərazisinin 30 ilə yaxın işğal altında olmasına və böyük dağıntılara məruz qalmasına baxmayaraq. Biz gələcəyə baxmalı və onun proqnozlaşdırıla bilən olmasını təmin etməli və genişmiqyaslı əməkdaşlığa hazır olmalıyıq”, – deyə prezident bildirib.

Əliyev vurğulayıb ki, vəziyyətin gələcək inkişafı Ermənistanın mövqeyindən asılı olacaq.

“Bizim mövqeyimiz mütləq aydındır. Biz sülh danışıqlarına başlamağa və sülh sazişi imzalamağa hazırıq. Biz bu səhifəni çevirib sərhədləri müəyyən etmək istəyirik, amma gördüyünüz kimi Ermənistandan heç bir cavab yoxdur. Deyə bilərik ki, onlar bir il ərzində susurlar. Hesab edirəm ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər. Əgər uzun illər danışıqlar gedən zaman bizi dinləyib özlərini normal insanlar kimi aparsaydılar, indi bütün bunlar baş verməzdi”, – deyə Əliyev əlavə edib.

Transqafqaz.com

Alət çubuğuna keç