Azərbaycan jurnalistlərinin «Ukrayna-Rusiya müharibəsi» kimlərin sifarişidir?

Azərbaycanın «Divan Legionunun Strateqləri» və Azərbaycandan başqa hər kəsə işləyən informasiya resursları Ukrayna Rusiya arasında müharibəyə, «ağır döyüşlərə» başlayıblar. Bəri başdan bildirim ki, bu «ağır döyüşlərdən», nə Ukraynanın, nə Rusiyanın, nə də separatçı «DNR» və «LNR» terorçu-separatçılarının xəbərləri yoxdur.

Azərbaycan seqmentində yayılan bu cür dezinformasiyaların əsas mənbəyi erməni Marqarita Simonyanın Rusiya adına yayınladığı «Sputnik» olurdu. Bunu dəfələrlə yazmışıq və ölkəmizin informasiya təhlükəsizliyi baxımından bu erməni mənbəsinin yaydığı informasiyaların «süzgəcdən» keçirilməsini təklif etmişdik. Bu dəfə isə yayılan «Rusiya-Ukrayna müharibəsi» barədə dezinformasiyanın mənbəyi Simonyandan da pis, ermənidən çox erməni və anti Azərbaycan mövqeyə malik olan Modest Kolerovun «Regnum» İnformasiya Agentliyidir. Özü də bu miqyasda informasiya onun səhifəsində silinsə də, bizim saytlar bu dezinformasiyanı sensasiya xatirinə yaymaqdadırlar. Tam bir rus üslubu. Rus ayısına «ayı xidməti» göstərən saytların böyük əksəriyyəti isə müxtəlif şəxslərdən pul alan saytlardır. Bunlar kimə xidmət edirlər?

Bu informasiyaların dezinformasiya olmasını elə Ukraynanın Xarici İşlər nazirliyindən münasibət özünü çox gözlətmədi.

Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bu gün bildirib ki, Kiyev Donbassda hücum hərbi əməliyyatı planlaşdırmır, Ukrayna hakimiyyəti münaqişənin siyasi və diplomatik həllini tapmaq üçün danışıqlara sadiqdir.

Bu dezinformasiya ilə bağlı Ukrayna XİN məlumat yaydı.

РФ підвищила інтенсивність дезінформації, включно з хибними звинуваченнями України у нібито підготовці до військового нападу на Донбасі. Офіційно: Україна не планує наступальної військової операції на Донбасі. Ми віддані пошуку політико-дипломатичного розв’язання конфлікту 1/3— Dmytro Kuleba (@DmytroKuleba) November 22, 2021

«Rusiya Federasiyası dezinformasiyanın intensivliyini artırıb, o cümlədən Ukraynaya qarşı guya Donbasa hərbi hücuma hazırlaşdığına dair saxta ittihamlar səsləndirilib. Rəsmi olaraq, Ukrayna Donbasda hücum hərbi əməliyyatı planlaşdırmır. Biz problemin siyasi və diplomatik həllini tapmağa sadiqik”, — Kuleba Twitter-də yazıb.

O, həmçinin bildirib ki, Ukrayna vasitəçi qismində Almaniya və Fransa ilə “Normand formatı”nı canlandırmaq üçün “daha çox işləməyə” davam edir.

Yanvar-fevral aylarında Rusiyanın mümkün hücumu ilə bağlı məlumatları şərh edərkən, o, «bu, Rusiya rəhbərliyinin masasında yatan ssenarilərdən biridir» dedi. Kuleba qeyd edib ki, Ukrayna hazırda “belə bir ssenarinin qarşısını almaq” üçün hər cür səy göstərir. «Lakin bu, müdafiə qabiliyyətimizi maksimuma çatdırmaq zərurətini inkar etmirik. Çünki Rusiya Federasiyasının hərəkətlərini tam proqnozlaşdırmaq mümkün deyil», — deyə o əlavə edib.

Rusiya XİN də açıqlamasında «gedən bu qanlı müharibənin» izləri görünmədi. Varsa da yəqin Lavrov bizim saytları oxumayıb.

  1. Lavrovun ən son açıqlamasını diqqətinizə çatdırırıq. «Kiyev hərbi ritorikadan istifadə edir, görünür, təxribat törətmək niyyətindədir». Bunu noyabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevin Donbas separatçılarına qarşı “Javelin” tank əleyhinə raket kompleksindən ilk dəfə istifadə edilməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

Lavrov qeyd edib ki, o, hələ ki, ukraynalı hərbçilər tərəfindən Javelin istifadəsinə dair bəyanatın yer aldığı bir nəşr görməyib, lakin son həftələr və aylar ərzində Ukrayna rəhbərliyi, xüsusilə də hərbçilər tərəfindən bu istiqamətdə “şüur axını var”.

“Çünki bu cür döyüş ritorikasının artması, təxribat törətmək istəyini əks etdirir”, — deyə Rusiya diplomatiyasının rəhbəri Livanın xarici işlər naziri Abdullah Bu Həbiblə danışıqların yekununda bildirib.

Yalnız daim separatizmi dəstəkləyən REGNUM İA yazıb ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Donbasda Amerikanın Javelin raket sisteminin ilk dəfə istifadə etməsini açıqlamışdı. Amma bizim saytlar artıq müharibə «etməkdədirlər». Siz kimə xidmət edirsiniz?

«Русская Весна» qəzeti Xalq Milis İdarəsinin rəsmi nümayəndəsi Oleq Nikitinin brifinqindən sonra son sutka ərzində (22.11.2021) «DXR»-dəki hərbi vəziyyətin tam xülasəsini dərc edib.

Onlar da son 24 saat ərzində ukraynalı «yaraqlılar» (Ukrayna Ordusunu separatçılar belə adlandırırlar-red.) tərəfindən atəşkəs rejiminə əməl olunmasının monitorinqi üzrə əlavə tədbirlər kompleksinin pozulması faktı qeydə alınmayıb.

Cari günün əvvəlindən düşmən tərəfi atəşkəs rejimini bir dəfə pozub.

Donetsk istiqamətində, 25-ci briqadanın yaraqlıları N bölgəsindəki mövqelərdən Avdeevka kəndi 122 mm-lik artilleriyadan atəşə tutulub. Yasinovataya qəsəbəsinə beş mərmi atılıb. Məqsədli artilleriya zərbəsi nəticəsində maşınqayırma zavodunun sexinə və Respublika Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsinə ziyan dəyib. Ukrayna tərəfi koordinasiya mexanizmini işə salmaqla atəşkəs rejimi tələbinə məhəl qoymayıb.

Yəni aydın olur ki, nə Ukrayna, nə Rusiya, nə də separatçılar bu faktı təsdiqləmir. Bəs onda bizim saytlar kiminlə döyüşür? Belə çıxır ki, bizim saytlar bir başa Rusiyanın dezinformasiya daşıyıcıları kimi fəaliyyət göstərirlər. Bilirsiniz necə?

Sabah Rusiya edəcəyi təxribatlarda daha inandırıcı olsun deyə Azərbaycanın bu «şok xəbər jurnalistikasının» xəbərlərindən istifadə edə bilər və ən azı isti münasibətimiz olan Ukrayna ilə Azərbaycanın münasibətlərinə ciddi zərər vurula bilər. Bir daha xatırladırıq ki, alınan informasiyaların bu gün autentifikasiya olunması, yəni məlumat sahibinin kimliyinin üzə çıxarılması informasiyanın məqsədlərini müəyyən edə bilər.

Biz düşmən əhatəsində və savaş halında yaşamaqdayıq. Ən azı buna görə jurnalistika Əli Həsənovun yetirmələrindən təmizlənməlidir.

Rusiyanın ordu qərargahından əldə etdiyim bir bilgidə qeyd olunub ki, Hərbi əməliyyatların hazırlanmasının və aparılmasının zaman parametrləri dəyişir, o cümlədən hərbi-siyasi rəhbərlik tərəfindən qərarların qəbul edilməsi vaxtı hərb maşınının informasiyalaşması nəzərə alınmaqla qısalır. Düşmənə təsir, nəinki ardıcıl və cəmləşdirilmiş formada, eyni zamanda müxtəlif tamaşalar üzrə səpələnməklə və fasiləsiz olaraq göstərilməkə edilə bilər. Buraya kibersfera və informasiya müharibəsinin aparılması da daxildir.

Rusiya ordusunun Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov hələ 2018-ci ildə Hərbi Akademiyada keçirilmiş elmi-praktik konfransda demişdi: «Hərbi metodlarla təsir göstərmək öz qüvvəsində qalır. Bu cür müharibələri daha çox “yeni tip müharibələr” adlandırırlar. Hərçənd müharibə metodları daim dəyişir, əsasən isə yeniliklər ancaq bir sıra həllərdən və müharibə texnologiyalarından ibarətdir. Mahiyyət dəyişmir. Bütün bu hibrid metodlar ilk baxışdan sirr deyil və Çin sərkərdəsi II Sun-Tszı tərəfindən hələ 5 min il əvvəl tətbiq edilib. O öz ordusunun bilavasitə döyüşdə iştirak etmədən qalib gəlməsinin mühümlüyünü qeyd edirdi».

Daha sonra isə bu general demişdi: «Üstəlik müxtəlif cəbhələrdə zərbələr formal olaraq bir-biri ilə bağlı olmaya, hansısa ölkə və ya koalisiya ilə əlaqəli görünməyə bilər. Tutaq ki, Suriyada münaqişənin növbəti kəskinləşməsi Donbasda irimiqyaslı hərbi əməliyyatların bərpa olunması ilə eyni vaxta təsadüf edə bilər. Üstəlik, Orta Asiyada və ya Qafqazda, tutaq ki, Azərbaycanla Ermənistan arasında da müharibə başlayar və bütün bunlar hamısı eyni zamanda baş verər. Tamamilə real senaridir. Və bütün bunlara hazır olmaq lazımdır”.

Bu fakta verməkdə məqsədim, hələ də içimizdə bəzilərinin məkrli rus faşizmindən mərhəmət ummasına və ona 5-ci kolonluq etməsinə görə toxundum. Rusiya hər bir addımımızı düşmən kimi daim diqqətdə saxlamaqdadır. Amma ölkə mətbuatında Rusiyanın bunca dezinformatoru olmasını heç zənn etməzdim. Günü sabah o müharibə informasiyasını yayan hər bir sayt ən azı bir təkzib yazısı dərc etməsə, onların kimə işlədiyini hər biriniz bilməlisiniz. Sənin öz dilində, öz məmurlarının oğurladığı pullar hesabına sayt yayınlayan və bununla düşmənə «ayı xidməti» göstərənləri tanıyın…

Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Məbuat Xidmətinin rəhbəri

Mənbə: Fedai.az

Alət çubuğuna keç