4, 44 və 944 günlük müharibələrin veteranları kimdən narazıdırlar?

Yumruğumda bir ordu hiss edirəm: Ya ölüm, ya Azadlıq.
Fridrix Şiller

Bu gün şəhidim qanı qurumamış, qazimin yarası qaysaqlanmamış, bu məmləkəti bir talan yeri hesab edən bəzi soysuzlar müharibə adamlarına qarşı bir diskriminasiya siyasəti yürütməklə məşğuldurlar. Biriləri müharibə əlilinin təqaüdünü kəsir, biriləri qazini müalicə etməkdən imtina edir, biriləri şəhid ailəsini intihara sürükləyir, biriləri döyüşən ordunun əmək haqqını kəsir, biriləri qazini özünü doğramağa məcbur edir, biriləri bu sosial təbəqəni bölmək üçün gecə-gündüz məkrli planlar qurur: Təzə, köhnə, birinci, ikinci, 44, 4, yaxud da 944 (9 oktyabr 1991-12 may 1994-82+730+132) günlük müharibələr bölgüsü aparır, veteran statusunun ləngidilməsi, yaradılmış komissiyanın və onun sədrinin erməniyə güllə atanlara qarşı antipatiyası, nələr və nələr günümüzün nəbzinə çevrilib.


İllərdir ki, ölkəmiz uğrunda döyüşənlərin müharibə adına yaratdıqları ictimai birliklərə bu ölkədə bir ögey münasibət görməkdəyik və bu illər ərzində bir məğlubiyyət acısına sığınıb susmuş döyüşçülər eyni münasibəti, bu gün də Müzəffər Ordunun əsgərlərinə qarşı eyni tərzdə edildiyini sinirə bilmirlər. Bu qədər yetər. Bu qədər də olmaz!

Bir daha konkretləşdirək və ümumiləşdirək. Sizcə xalqın güvənc yeri olan Orduya, onun veteranlarına, qazilərinə və şəhidlərinə antipatiya ilə yanaşanlar kimlər ola bilərlər? Bunca bəsit bir sualın elə bəsit də cavabı var. Bunu da artıq «çuvalda gizləmək» mümkün deyil.

Böyük Türk sərkərdəsi Çingiz Xan deyirdi ki, içindəki düşməni yenməyən bir millət, ordusu nə qədər böyük olursa olsun, əsla heç bir Zəfər qazana bilməz. Bu gün tam və qəti qələbəni qazanmaq yolunda içimizdəki «əngəl-kələflərə» diqqət yetirin. Bunlar aşkar Qalib Xalqa qarşı Qisas əməliyyyatlarına başlayıblar. Bizim bu durumumuzu hər dəfə düşünəndə, yadıma Sultan Fateh Mehmetin İstanbulu fəth etməsi olayları düşür. Fateh Mehmet, İstanbula köçürüləcək türklərə pulsuz evlər, torpaqlar, üzüm bağları və meyvə bağları verilməsi və vergilərdən azad edilməsini əmr etmişdi. Ancaq Bizans mənşəli vəzirlər bunun əksini etdilər və türklərdən vergi aldılar. Bu işə dönmə, Rum əsilli Mahmut Paşanın vəkilliyə gəlməsi ilə başlanıldı. Xüsusən Qaraman türklərinə qarşı etdiyi iyrəncliklər haqqında az sonra doğulmuş Qanuni dövrünün Şeyxülislamlarından biri olan məşhur tarixçi Kemal Paşazadə (1469-1536) «Yunan Mehmet Paşanın Larende/Karamanda törətdiyi qırğınları» əsərində onun bu sözlərini yazmışdı: «Sultanın vətənimizə vurduğu zərərin qisasını Larende / Karaman torpağında ala bildim».

Başqa bir hadisə isə erməni dönməsi (şurduvaz) general Vasili Bebudovun 1847-1853-ci illərdə Bakıda ruslara canişinlik edərkən hər gün vergiləri qaldıraraq ödəyə bilməyənləri ayaqlarına daş bağlayaraq Xəzərə atması barədə atasına «düşmən Türklərdən yetərincə qisas alması barədə» yazdığı məktub düşür. Görəsən neçə belə məktublar yazılmış və indi də yazılmaqdadır? Bunun özgə bir adı yoxdur. Onlar ən azı bu xalqın düşmənə nifrətini anlamalıydılar. Bu nifrətin 12 min düşmən əsgərini cəhənnəmə necə yolçu etdiyini görməliydilər. Hərçənd bu informasiya içimizdəki xainlərdə qıcıq yaradır. Amma onların inandıqları dildə «Çiçəklənən Ermənistan» Partiyasının lideri Qaqik Sarukyan hələ ötən ilin sonunda 19 min erməni əsgərinin gəbərdildiyini və Ermənistanın itkilərinin Azərbaycanın itkisindən 6,5 dəfə çox olduğunu bəyan etmişdi. Bu Azərbaycan insanının düşmənə və xainlərə olan nifrətinin miqyasıdır. Amma nəticə çıxarmaq əvəzinə leqal hücumları artırırlar. Bir daha təkrar edirəm: «Bizlər şəhid olunca, Vətən sağ olsun»- dedik, amma bu gün deyirik: «İçimizdəki xainlər sağ olunca, bu Vətən sağ olmaz!»

44 günlük Vətən müharibəsi iştirakçılarının artıq 20 min nəfəri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) üzv olublar. Demək olar ki, bu döyüşçülərin böyük əksəriyyəti mənimlə telefon əlaqəsi saxlayıb. Son 200 döyüşçüyə sorğu xarakterli suallar verdim. Respondentlərə son 12 ayda müxtəlif sahələrdə veteranlara qarşı qərəzli münasibət və ya ədalətsiz rəftar (ayrı-seçkilik) halları ilə rastlaşmaları barədə sual ünvanladım. Acınacaqlı cavablar aldım. Respondentlərin 79,5%-i (159 nəfər) ən azı diskriminasiya (ayrı-seçkilik), qərəz və ya ədalətsiz rəftarla üzləşdiklərini bildirdilər. Cəmi 19,5%-i (39 nəfər) qismən razı olduğunu və 1%-i (2 nəfər) isə münasibət bildirməkdən yayındı. O cümlədən, respondentlərin 100 faizi yaradılmış komissiyanın fəaliyyətsizliyindən narazı olduqları üçün qeyri sualları ayrıca verməli oldum, beləliklə döyüşçülərin 20 faizi tibbi xidmətdən, 70 faizi veteranlara və onların ailə üzvlərinə müavinət almaq üçün qeydiyyata alınmadıqlarına görə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən, 10 faizi isə yerli icra hakimiyyətlərindən şikayətçi oldular.

73% (146 nəfər) əmindir ki, yalnız döyüş əməliyyatlarında iştirak edənlərin özləri veteranları daha yaxşı başa düşə bildiyini qeyd ediblər, 66% — i (132 nəfər) isə dinc həyatda veteranların düzgün anlamadıqlarını və sosial şəbəkələrdə «ura patriotluğun» cəmiyyətdə səmimi olmadığını bildirdilər və bu gənclər özlərinin cəmiyyətin əsas hissəsindən qopduqlarına inanırlar.

Bundan əlavə, veteranların 71%-i (142 nəfər) psixoloqdan fərdi məsləhətə ehtiyac duyduğunu, 15%-i (30 nəfər) digər yaşlı veteranlarla və ya onlara könüllü kömək edəcək qruplarla görüşlərə, 14%-i (28 nəfər) streslə mübarizə üzrə təlimlərə ehtiyac duyduğunu bildirdilər. Maraqlı fakt ondan ibarətdir ki, döyüşçülər Ali Baş Komandana 100% inandıqlarının fonunda, başqa bir məmura da inanmadıqlarını gizləmədilər.

Bir maraqlı məqam ondan ibarətdir ki, bu insanlarla müharibədən ötən bir il ərzində heç bir sosial sorğu və müsahibələr aparılmayıb. Bu sahədə də tək Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) və rayon şöbələrinin apardığı iş ortadadır.
Hər gün veteranlıqla bağlı yaradılmış komissiya ilə bağlı mənə suallar ünvanlayan gənc döyüşçülərə bir daha bildirirəm ki, üzvlərinin sayı 84 min olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) etdiyi rəsmi müraciətə belə Nazirlər Kabineti və Yaqub Eyyubov cavab vermir. Orasını mən haradan bilə bilərəm?

Bu gün ölkədə kimlərsə, qazanılmış zəfərin miqyasını kiçiltmək, üzərinə qara yaxmaq, Ali Baş Komandanı və döyüşən əsgəri gözdən salmaq kimi iyrənc istəklərini faş etməkdədirlər. İstər xaricdə, istər də daxildəki sapı özümüzdən olan baltaların işə salınması tanış senaridir. Bu gün Ali Baş Komandan İlham Əliyevi özünə birinci düşmən bilən erməni faşizmini anladıq, bəs daxildəki və xaricdəki südü pozuqları necə anlayaq?

Cəmiyyətimiz döyüşçülərə qarşı səmimi olmalıdır. Bir müharibə qazisi kimi bu boğazdan yuxarı şüarçılığın arxasını 28 il ərzində həmişə boş gördüm. Sizlər səmimi olsanız, heç bir südü pozuq qaziyə qarşı çıxa bilməz. İnciməyin bunu demək zamanıdır.

Bu günlərdə biri sosial şəbəkədə qazi və veteranların problemlərinin çox olmasını dilə gətirib «Aykanuşdan əmdiyi zəhərə uyğun» qaziləri aşağılamağa çalışırdı. Bəli, qazilər bu xalqın bağrından qopmuş qəhrəmanlardır. Bir alman atalar sözündə deyilir: «Böyük bir savaş, ölkələrə üç ordu bıraxar: «Bir əlillər ordusu, bir yas tutanlar ordusu, bir də oğrular ordusu». Onların bu məmləkətlə aralarında bir uçuq-sökük daxmaları vardı, amma bu məmləkəti içinə sığdırdıqları ürəklərin sahibiydilər. Neyləyək ki, problemi olmayanların uşaqları bu ölkənin üz qarası çıxdılar. Nə edək ki, bunca məmuriyyətin bircə övladını tapıb əsgəri xidmətə göndərə bilməyən qurumu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adlandırmışıq.

Savaş, köksündə Vətən boyda ürək gəzdirən ərənlər üçündür. Youtube-də baxdığım ermənilərin bizim əsirləri aşağılamaq kadrlarıa görə bu yazını yazdım. Yazdım ki, düşmən əhatəsində əsgərimizə, Komandanımıza uzanan əllər qırılmalı, dillər kəsilməlidir. Ən azı bir xalqın heysiyyətini xilas etmiş bir əsgərə layiq olduğunu vermək bu Vətənin, bu Dövlətin borcudur. Əsgər borcu olanı etdi, indi növbə Dövlətindi…

P.S. Xatırlatma: Təqdim etdiyimiz videolara diqqətlə baxın. Bunları unutmağa haqqımız yoxdur.

Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Alət çubuğuna keç