Mingəçevir icra hakimiyyətinə qarşı ittihamlara CAVAB VERİLDİ

Sosial şəbəkələrdə bir qrup qazinin Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciətlərini əks etdirən yazıların yayılması birmənalı qarşılanmayıb. Mingəçevir şəhid ailələri, qazilər və müharibə veteranlarının bir qismi sosial şəbəkələrdə yayılan müraciətdə qeyd olunan fikirləri qəbul etmirlər. 

Unikal.org xəbər verir ki, aparılan araşdırma zamanı məlum olub ki, Mingəçevirdə şəhid ailələri və Vətən müharibəsi qazilərinə İcra başçısı tərəfindən edilən diqqətsizlik barədə sosial şəbəkələrdə yayılan videoçarxlarda qeyd edilənlər həqiqəti əks etdirmir. Şəhər ziyalılarından Ağsaqqallar Şurasının sədri Akif Hacıyev, Qarabağ Müharibəsi Veteranları, Əlilləri, Şəhid Ailələri İctimai Birliyi şəhər şöbəsinin sədri Nizami Təhməzov, Şəhid Ailələri Müdafiə Cəmiyyəti İctimai Birliyi şəhər şöbəsinin sədri Rəna Həsənova qazilərin qeyri-qanuni tələblər üçün şəhər İcra Hakimiyyətinə bu şəkildə gəlmələrini pisləyərək öz narazılıqlarını bildiriblər.

Qeyd edilib ki, Vətən müharibəsi zamanı Mingəçevirdə 50 nəfər şəhid olub. Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şəhidlərin dəfni təşkil edilib, İcra Hakimiyyətinin vəsaiti hesabına onların qəbirlərinin üstü götürülüb, ətrafı abadlaşdırılıb, bundan əlavə şəhərdə qeydiyyatda olan 49 şəhidin hər birinin ailəsinə 1000 (min) manat vəsait ödənilib.

Şəhər İcra Hakimiyyətinin büdcədənkənar vəsaiti hesabına Müstəqillik günü və 31 dekabr Həmrəylik günü ilə əlaqədar Birinci Qarabağ Müharibəsi əlilləri və şəhid ailələrinə 200 (iki yüz) manat, eyni zamanda, Vətən müharibəsində həlak olan şəhid ailələrinə  və 43 nəfər qaziyə isə Yeni il bayramı ilə əlaqədar 200 (iki yüz) manat verilib. Bununla bərabər iki şəhid anası Həsənova Nəhayətin və ağır yaralı olan qazilərdən Quliyev İlqar, Muradov Orxan və Qarabağ Müharibəsi əlili İlham Məmmədovun  yaşadıqları mənzilə istilik sistemi çəkilib. Milli Qəhrəman Malik Əsədovun qızının evi təmir edilib. Şəhid ailəsi Orucov Əmirin evində təmir işləri aparılıb, qazi Tural Seyfullayevin yaşadığı yataqxanada ona hamam otağı düzəldilib. Ötən müddət ərzində şəhid ailələrinin müraciətləri əsasında şəhidlərin xatirəsinə bulaq tikintisi və xatirə lövhəsi qoyulub. Xatirə lövhəsi şəhidin yaşadığı ünvanda binanın üzərinə vurulur. Bulaq isə həmin binaların həyətində tikilir. Fərdi mənzil sektorunda isə bulaq və xatirə lövhəsi həyətin giriş qapısının ətrafında yaradılır. Bütün bunlar şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin razılığı əsasında həyata keçirilir. Bu günə qədər Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinin müraciətlərinə uyğun olaraq yaşadıqları ünvanlarda 20 şəhid bulağı tikilmiş və 20 xatirə lövhəsi asılıb.

Sosial şəbəkələrdə yayımlanan şəhid bulağının sökülməsi barədə gedən videomateriala da aydınlıq gətirilib. Bildirilib ki, Vətən müharibəsində iştirak edərək yaralanmış Şükürov Tural Vüqar oğlu özünün işlədiyi bərbərxananın qarşısında H.Əliyev prospektində onunla döyüşə gedən 4 şəhidin adına bulaq tikdirmək üçün əraziyə tikinti materialları tökmüş və tikintiyə başlayıb. 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən həmin ərazidə bulaq tikilməsi üçün Memarlıq və tikinti şöbəsindən razılıq alınması bildirilsə də, T.Şükürov tikintini dayandırmayıb. Ərazidə qanunsuz tikinti aparıldığı üçün nümayəndə tərəfindən akt bağlanıb və tikinti sökülüb. Həmin gün qazi Şükürov Tural və şəhid Məhəmməd Məmmədli və Ərzuman Osmanovun valideynləri şəhər İcra Hakimiyyətinə dəvət edilmiş və onlara izahat verilib. Tural Şükürov bundan sonra şəhər İcra Hakimiyyətinə müraciət etmiş və onun müraciətinə  rəsmi cavab verilib. Rəsmi cavabda onun xatirəsini əbədiləşdirmək istədiyi döyüş yoldaşlarının xatirəsinə yaşadıqları ərazilərdə öz valideynlərinin  müraciətləri əsasında artıq bulaq inşa edildiyi və bir nəfərin xatirəsinə lövhə vurulduğu bildirilmiş, həmin ərazidə şəhid bulağının tikintisinin mümkün olmadığı, lakin Memarlıq şöbəsinin layihəsi əsasında obyektinin fasadında xatirə lövhəsinin vurulmasının məqsədəuyğunluğu göstərilib. Vətən müharibəsi iştirakçısı Tural Şükürov inadkarlıq edərək sosial şəbəkələrdə çıxışlar edir, şəhər  İcra Hakimiyyətinin ünvanına böhtanlar yağdırıb. Bununla kifayətlənməmiş, qazi yoldaşlarını aldadaraq qeyri-qanuni tələbini həyata keçirmək üçün 26 iyul 2021-ci il tarixində Bakı şəhərindən 25 nəfərədək qazinin şəhərə gəlişini təşkil edib.

Həmin qazilər özlərini “Gənc qazilər” İctimai Birliyinin nümayəndələri kimi təqdim edərək şəhər İcra Hakimiyyətinin binasına soxulmuş, sosial şəbəkələrdəki videoçarxlarda gedən yazılara  uyğun olaraq şəhər İcra Hakimiyyəti aparatının şöbə müdirinin, şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin işdən çıxarılması və qeyri-qanuni tikintisi olan  İbrahimzadə Nahid Şahid oğlunun adına  bulağın  və Şükürov Tural Vüqar oğlunun şəhid döyüş yoldaşlarının adına tikdirmək istədiyi şəhid bulağının tikilməsinə icazə verilməsi tələbini irəli sürüblər. Şəhid ailələrinin istəyinə uyğun olaraq şəhər İcra Hakimiyyətinin başçısı onların  nümayəndələrini akt zalına dəvət etmiş və dönüb akt zalına gedərkən “İcra Hakimiyyətinin başçısı qaçdı” başlığı altında sosial şəbəkələrə yazılar ötürmüşlər.

Şəhər İcra Hakimiyyətinin başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri 3 şəhid ailəsini və 10-a yaxın qazini şəhər İcra Hakimiyyətinin akt zalında qəbul edib, 1 saata yaxın davam edən görüşdə onların bütün sualları cavablandırılıb və tələblərinin qeyri-qanuni olduğu  onlara izah edilib, videoçarxlarda qeyd edilən yazıların saxta və montaj olduğu onların diqqətinə çatdırılmış, qaldırılan məsələlər barədə ətraflı izahat verilib. Bundan sonra  onlar avtobuslara minərək şəhəri tərk etmişlər.

Məlumat üçün bildirək ki, Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələri və qazilərin problemləri diqqətdə saxlanılıb.

Seymur Əli

Alət çubuğuna keç