Məmur niyə bıçaqlanır? Səbəbləri düşündünüzmü?

Bir gündə “Azərişığ”ın iki əməkdaşı bıçaqlanır, bir əməkdaşının isə maşını yandırılır.

Ciddi hadisədir, həyəcan siqnalıdır.

Nə baş verir? Niyə insanlar bu qədər aqressivləşib? Niyə öz həmvətəninə, rəsmi işçinin qanuni tələb və götürdüyü ölçüyə qarşı əsəbi reaksiya cinayətə səbəb olur?

Millət vəkilləri də, ictimai fəallar da, QHT-lər də bu barədə dərindən düşünməlidirlər.

Bu, qətiyyən bahalaşma və yaxud hansısa “gizli” əməlin üzə çıxması ilə bağlı deyil. Belə olsa, bu vaxta qədər də ciddi fəsadlara şahidlik edərdik.

İlkin informasiyalar əsasında gəldiyim qənaət budur:

– Kommunal xidmət əməkdaşları özlərini adekvat aparmırlar;

– Hansısa nöqsanlara dünənə qədər göz yumulub, nəyinsə xatirinə “yola” veriblər. İndi isə bu “oğurluqları”, qanunsuzluqları protokollaşdırırlar və yüksək məbləğdə cərimələr yazırlar. Vətəndaşlar isə “ənənəvi üsullarla” dil tapmağa çalışırlar: ya “ənənəvi üsulda” daha çox pay istənilir, yaxud da yuxarıdan gələn tapşırıq əsasında “qarşılıqlı anlaşma” qadağan edilib;

– Vətəndaşlara xəbərdarlıq edilmir, öncədən məlumatlandırma, maarifləndirmə işləri qətiyyən görülmür. Dərhal “cinayət başında” yaxalanan vətəndaşa ən ağır cəza tətbiqi yolu seçilir;

– Kommunal xidmətlər normal səviyyədə deyil. İşıq, qaz, istilik – bir-birinə bağlı olan məsələlərdir. İstiliyin və yaxud qazın qışın oğlan çağında kəsilməsi nəticəsində insanlar donmamaq üçün elektrik enerjisindən istifadə edir. Elektrik isə həddən artıq bahalı istilikdir. Buna görə ya oğurluğa məcbur olur, ya da yığılan borcunu verə bilmir. Nəticədə borclu olduğuna və yaxud oğurluğa görə yalnız və yalnız kommunal xidmətləri, daha doğrusu, dövləti günahlandırır.

Bu ilkin məlumatlar əsasında ümumiləşdirdiyimiz təxminlərimiz üzərində düşünək: elə bir kommunal xidmət əməkdaşı varmı ki, hansısa nöqsan və yaxud qanunsuzluq aşkarlayanda, yalnız xəbərdarlıqla kifayətlənsin və vətəndaşla maarifləndirici söhbət etsin? Elə bir əməkdaş görmüsünüzmü ki, ümumiyyətlə, heç bir nöqsan aşkarlamasa belə ev-ev gəzib, məlumat versin, bu hallarda cəzaların necə olduğu, cərimələrin hansı səviyyəyə qalxdığını desin?

Bu ilkin məlumatlar əsasında ümumiləşdirdiyimiz təxminlərimiz üzərində düşünək: elə bir kommunal xidmət əməkdaşı varmı ki, hansısa nöqsan və yaxud qanunsuzluq aşkarlayanda, yalnız xəbərdarlıqla kifayətlənsin və vətəndaşla maarifləndirici söhbət etsin? Elə bir əməkdaş görmüsünüzmü ki, ümumiyyətlə, heç bir nöqsan aşkarlamasa belə ev-ev gəzib, məlumat versin, bu hallarda cəzaların necə olduğu, cərimələrin hansı səviyyəyə qalxdığını desin?

Kommunal xidmət əməkdaşları sahələr üzrə bölünürlər və hər biri bəlli əraziyə təhkim edilir. Demək ki, həmin insanlarla vaxtaşırı görüşmək fürsəti olur, necə deyərlər, “səmimi ünsiyyət” yaranır. Vaxtaşırı görüşdüyü, ünsiyyəti yarandığı məmura vətəndaşın hücum etməsi qətiyyən təsadüf ola bilməz. O məmur işini və vətəndaşlarla işi düzgün qurmur ki, belə fəsadlar yaranır.

Ən önəmli səbəblərdən biri isə əlbəttə ki, sonuncu qeyd etdiyimizdir – kommunal xidmətlərin “xidmət səviyyəsi” bəzi hallarda rüsvayçı vəziyyətdədir.

Medianı izləyənlərə bəllidir: soyuqlar başlayandan gah bu, gah da digər rayonda təmir getdiyi üçün qaz, istilik, işıq, su kəsilir. Siz yay aylarında nə edirdiniz? Niyə bu problemləri həll etmirdiniz? Qışda niyə istiliklə bağlı problemlər olmalıdır?

İstilik məsələsi ən həssas məqamdır və ildən ilə “Azəristiliktəchizat” ASC-nin fəaliyyəti nəticəsində insanların “soyuq günləri”nin sayı daha da artır.

Bu qurumun yarıtmaz və biabırçı fəaliyyətinin “qurbanlarından” biri də bəndənizdir. 15 noyabrdan istilik verilməlidir, bu gün 26-cı gündür. 26 gün ərzində Bakının Xətai rayonunun böyük hissəsi cəmi 11 gün istiliklə təmin edilib. Sonuncu dəfə “magistral xət”də qəza tam 5 gün öncə baş verib: 5 gündür “Azəristiliktəchizat” ASC-nin mütəxəssisləri guya bu qəzanı aradan qaldıra bilmirlər və nəticədə istilik verilmir.

Bunun səbəbi bilirsinizmi nədir?

Dövlətin ayırdığı vəsaitlər talanır, əhalidən yığılan vəsait də; yay ərzində heç bir ciddi iş görülmür, tenderlər qeyri-şəffaf keçirilir, alınan avadanlıqlar əsl dəyərindən qat-qat ucuz, keyfiyyətsiz olur, borular vaxtında təmir edilmir və dəyişdirilmir; vəsaitlər o qədər talanır ki, borclar da yığılır və məsələn, bugünkü kimi, “Azəriqaz” rəhbəri Ruslan Əliyev çıxıb, 15 dekabrda qazanxanalara veriləcək qazın kəsiləcəyini qəti şəkildə elan edir. Çünki 20 milyon borc yığılıb.

“Azərsitiliktəchizat” indiyə qədər bircə dəfə normal açıqlama verib, bu borcun niyə yığıldığı və necə veriləcəyinə aydınlıq gətirməyib.

Ancaq mən deyə bilərəm bu borc necə veriləcək!

Hər gün qəzalar ənənəvi olaraq boruların dəyişdirilməməsi, çürüməsi nəticəsində baş verir, onun təmirini isə “Azəristilik” qəsdən günlərlə gecikdirir. QƏSDƏN! Təmir etməyə tələsmirlər, əvəzində böyük bir məhəllə, rayon və yaxud rayonların əhəmiyyətli hissəsi “magistral xətdə baş verən qəza nəticəsində” günlərlə istiliksiz qalır. İstilik verilmirsə, demək, qazanxanalar da işləmir; qazanxanalar işləmirsə, qaz da yandırılmır və sərfiyyat olmur.

Ancaq istilik aylıq abunə ilədir axı! Pulunu yığanda qəza nəticəsində verilməyən günlərin haqqı o vəsaitdən çıxılmayacaq! Pul abunə haqqı olaraq tam yığılacaq!

Beləliklə, əhalinin canı hesabına təbii qaza “qənaət” edib, yığılan pulla borc bağlanacaq – o borc ki, yığılan vəsait məqsədli sərf edilsəydi, vaxtında ödənilə bilərdi.

Bu ASC-nin oyununun “çanağı” əhalinin və digər kommunal xidmət əməkdaşlarının başında çatlayır: kimisi soyuqda qalır, əsəbləri tarıma çəkilir; kimisi dözmür və elektirk enerjisini oğurlamağa məcbur olur, kimisi “oğurlaya” bilmir, amma donmamaq üçün elektrik enerjisindən istifadə edir, yığılan külli miqdarda borca görə isə dövləti günahkar sayır və elektirk enerjisinin verilməsi dayandırılanda da əsəbini, hikkəsini heç bir günahı olmayan “Azərişıq” əməkdaşından – soydaşından, qardaşından çıxır, ona ziyan vurur və yaxud onu bıçaqlayır!

Nə qədər ki kommunal xidmətlərin rəhbərləri normal xidmət əvəzinə dövlətin vəsaitini talamaqla məşğul olacaq; nə qədər ki “Azəristiliktəchizat” ASC rəhbəri Yaşar Həsənovun qeyri-şəffaf tender oyunları və oğluna aldığı bahalı maşınlar haqda məlumat oxuyacağıq, belə də davam edəcək.

Bu şəxs və yaxud şəxslər kommunal xidmət göstərmirlər, yalnız və yalnız hökumətin nüfuzdan salınmasına, “narazılar” formalaşdırılmasına xidmət edirlər…

Mənbə: Axar.az

Alət çubuğuna keç