İtaliya parlamentində Azərbaycan əlehinə skandal olay – Üç ünsürün olmadığı diplomatiya

İtaliya Azərbaycanın Qərbdəki ən yaxın müttəfiqi, əsas ticarət tərəfdaşlarından biridir. Ötən ilin ilk 9 ayı ərzində Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkə də məhz İtaliyadır. Son dövrlər rəsmi Bakı bu ölkəyə 2 milyard dollara yaxın investisiya qoyub. Nə az, nə çox, tam 114 İtaliya şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir.

İtaliya Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin reallaşmasında mühüm rollardan birinə malikdir.

İtalyanlar üçün ən əziz dini məbədlərdən biri olan Müqəddəs Sebastyan katakombaları Heydər Əliyev Fondu tərəfindən təmir etdirilib. 2020-ci il İtaliyada “Azərbaycan ili” elan edilib. Və ən əsası odur ki, İtaliya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Bütün bunlarla birlikdə, ötən gün 26 italiyalı parlamentari Draqi hökumətini Azərbaycanda saxlanılan hərbi əsirləri və mülki erməni vətəndaşları azad etmək üçün Azərbaycana təzyiq göstərməyə çağırıb. Onlar qeyd edib ki, noyabrın 9-da üçtərəfli bəyanatın imzalanmasından bir il sonra Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisinə daxil olması və atəşkəs rejiminə əməl edilməməsi səbəbindən Ermənistan-Azərbaycan sərhədində və keçmiş Dağlıq Qarabağ regionunda vəziyyət gərgin olaraq qalır.

“Bu gün də Azərbaycan həbsxanalarında çoxlu sayda erməni hərbi əsir qanunsuz olaraq saxlanılır. Bir çox mənbələrdən məlum olur ki, Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni tarixi-mədəni irsi təhlükə altındadır”, – deyə parlamentarilər vurğulayıb.

Sual olunur: Azərbaycanın ətək-ətək pul tökdüyü, məbədlər tikdirdiyi, milyardlarla investisiya qoyduğu İtaliyanın parlamentində necə Azərbaycan əleyhinə çağırış səslənə bilər?

İtaliyada, Kiprdə və digər ölkələrin parlamentlərində əleyhimizə səsləndirilən çağırışların, qəbul edilən qətnamələrin yeganə bir səbəbi var: son zamanlar aktivləşməkdə olan erməni diplomatiyası qarşısında passiv fəaliyyətimiz.

Deməli, Ermənistanın son bir ildə münasibətlərini inkişaf etdirməyə çalışdığı ölkələrə nəzər salaq: İsrail, Səudiyyə Ərəbistanı, Qətər, İtaliya. Bu ölkələrin əsas ortaq cəhəti onların Azərbaycanla olan yüksək səviyyəli dostluq münasibətləridir. İsrail hərbi-strateji müttəfiqimiz, Səudiyyə Ərəbistanı Qarabağ məsələsində bizi ilk dəstəkləyən ərəb ölkəsi, Qətər Türkiyənin hərbi himayəsində olan və Azərbaycanla əlaqələri getdikcə genişlənən bir ölkə, İtaliya isə Qərbdəki əsas ticari partnyorumuzdur. Görünür, Ermənistan müharibədən sonra Azərbaycanın müttəfiqlərini bir-bir öz tərəfinə çəkməklə rəsmi Bakını diplomatik nokdaun vəziyyətinə salmağa və onun beynəlxalq dəstəyini azaltmağa çalışır.

Bəs Azərbaycan diplomatiyasında nə çatmır?

Elə İtaliya örnəyindən irəliləyək. İtaliyanı Azərbaycanın müttəfiqinə çevirən adam İlham Əliyevdir. TAP layihəsindən, bu ölkəyə ayrılan investisiyalara, Vatikanda təmir etdirilən dini məbədlərə qədər bütün işlərin başında Əliyev özü durub. O, mədəni və iqtisadi diplomatiyası ilə İtaliyanı Azərbaycanın müttəfiqinə çevirib.

Digər ölkələrə nəzərən, İtaliyadakı səfirimiz Məmməd Əhmədzadə də heç pis təsir bağışlamayıb. O, xüsusilə müharibə dövrü və sonrasında İtaliya mətbuatına ardıcıl açıqlamalar verərək Ermənistanın təcavüzkar siyasətini ifşa edib. İtaliya parlamentində Ermənistan əleyhinə qətnamə qəbul olunub ki, burada da onun zəhmətini danmaq olmaz.

Elə isə problem nədədir?

Problem diplomatik missiyanın sadəcə diplomatik qurumlar tərəfindən icra edilməsindədir. Mətbuat, lobbi və diaspora bir ölkənin başqa bir ölkədə diplomatik maraqlarının qorunması üçün hava, od və su qədər strateji əhəmiyyətə malik 3 ünsürdür.

Ermənilərin qardaş Türkiyə başda olmaqla bir çox ölkələrdə erməni lobbisi tərəfindən dəstəklənən mətbuat orqanları var. Üstəlik, ABŞ-da, İtaliyada, Fransada və digər ölkələrdə bir çox millət vəkillərini ələ alacaq qədər güclü erməni lobbisi var. Azərbaycanınsa nəyinki xarici ölkələrdə ictimai mövqeyə təsir edəcək mətbuatı və lobbisi yoxdur, heç normal fəaliyyət göstərən diaspora təşkilatı belə mövcud deyil.

Xarici ölkələrdə effektiv lobbi, diaspora və media qurumları formalaşdırılmadan İtaliya parlamentindəki qalmaqallı qərar digər ölkələrdə də təkrarlanacaq…

Nicat İsmayılov

Mənbə: https://ednews.net/

Alət çubuğuna keç