Rusiya “Sülhməramlılarının” Qarabağda mövcudluğu nə dərəcədə qanunauyğundur?

Biabırçı məğlubiyyətədən sonra ermənilər hər cür təxribata əl ataraq “mövcud olduqlarını” göstərmək istəyirlər.

Bağlanılmış Sazişdən sonra Qarabağda törədilmiş və qeydə alınmış 208 cinayət hadisəsi bir daha hərbi cinayətkarların məqsədlərinin təxribatların davam etdirəcəklərinin gerçək nümunəsidir. Bunlar ermənilərin açıq və gizli havadarlarının dəstəyi fonunda baş verir. Gizli havadar olan Rusiya Sülhməramlıları nəinki, bu təxribatların qarşısını almağa cəhd edir, əksinə separatçıları təxribatlara təşviq edirlər. Türkiyə Prezidenti Ərdoğanın telefon ilə Putinlə görüşməsində, Qarabağda davamlı təxribatların olmasından narahatlığını bildirmişdir. Ağdamda Türkiyə-Rusiya birgə monitorinq qrupunun fəaliyyətinin imkanlarından istifadə edilməsinin xeyirli olacağını vurğulamışdır.

Sputnik Armenia: “Qarabağda geniş funksiya və tapşırıqlara malik polis qüvvələri yaradılacaq… Onlar ölkənin müdafiəsində iştirak edəcək, xüsusi və mühüm obyektləri mühafizə edəcək, xüsusi yüklərin daşınmasının təhlükəsizliyini təmin edəcəklər. Müvafiq qanun layihəsi Qarabağ parlamentinin müdafiə, təhlükəsizlik və qanunilik komissiyasında müzakirə edilərək təsdiq edilib. Yaxın vaxtlarda sənəd layihəsi plenar iclasın gündəliyinə daxil ediləcək. DQR Daxili İşlər Nazirliyinin polis rəisi Artyom Arutyunyanın sözlərinə görə, qanun layihəsinin qəbul edilməsi zərurəti respublikada 2020-ci il müharibəsi nəticəsində yaranmış vəziyyətlə bağlıdır” yazır.

Azərbaycan tərəfinin xoşməramlı addımına ilk gündən Kremlin sülhməramlıları uyğun olmayan cavablar verməyə başladı. Azərbaycan ictimaiyyətində Rusiyanın birtərəfli qaydada Sülh prosesini inhisara alması nə dərəcədə qanunauyğundur  sualı yaranır. Keçən bir il müddət ərzində Rusiya Sülhməramlılarının Sazişdə nəzərdə tutulmayan işlərin yerinə yetirdiyinin şahidi olduq. Hərbi əməliyyatların dayandırılmasından sonra Rusiya Qarabağa hərbi texnikadan tutmuş xilasedicilərədək hər cür yardımçı qüvvələr toplayıb. Onların sülhməramlı kontingentə nə dərəcədə aidiyyəti olduğu hələ məlum deyil.

Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kimin verdiyini sual edir. Xəritələrlə manipulyasiya və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir. Bundan başqa, Rusiya ermənilərin Qarabağa qaytarılmasına təşviq edir və qaytarılan ermənilərin sayının həddindən artıq şişirdir.

Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Təəssüf ki, Rusiya sülhməramlıları fəaliyyətini öz öhdəliklərinə uyğun şəkildə qura bilmirlər.

Rusiya sülhməramlılarının görəcəyi vacib tədbirlərdən biri də Qarabağda erməni separatçıların qanunsuz silahlı dəstələrini tərk-silah etməkdir. Ancaq baş verənlərdən belə görünür ki, onlar tərk-silah olunmayıb. Əksinə, sülhməramlıların himayəsi altında Azərbaycan hərbçilərinə və dinc sakinlərə hücum edirlər.

Rusiya tərəfi isə əvvəllər olduğu kimi yenə də guya prosesdə ədalətli hakim rolunu oynadığını nümayiş etdirir. Xocavənd rayonunda və Hadrut qəsəbəsində baş verən atışmadan sonra sülhməramlı missiyanın qərargahından bildirilib: “Birbaşa kanalla tərəflərdən atəşkəs rejiminə tam əməl etmək tələb olunub”.

Tərəflər deyən Rusiya hərbçiləri kimi nəzərdə tutur? Qarabağda tərəf yoxdur. Orada danışıqlara əsasən, dinc ermənilər olmalıdır. Azərbaycan tərəfi onların hüquqları və təhlükəsizliyini qorumağı vəd edib. Sülhməramlıların isə işi bölgədə ermənilərin, onların yerli sakinlər olan azərbaycanlılarla birgəyaşayışına yardım etməkdir. Belə olan halda silahlı ikitərəf necə meydana çıxıb? Yoxsa Rusiya Qarabağdakı erməni separatçılarını yenidən silahlandırıb?

Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir.

Moskva yaxşı anlayır ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır.

Rusiyada müəyyən qüvvələr Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda da təkrarlamağa cəhd edirlər. Bu da Azərbaycanda Kremlin nüfuzuna ciddi ziyan vurur.

Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü

Alət çubuğuna keç