Araika qarşı sui-qəsd planı: Paşinyan hərəkətə keçdi

Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağdakı cinayətkar rejim arasında qarşıdurma hər gün artır.

Buna səbəb Nikol Paşinyanın dekabrın 26-da keçirdiyi mətbuat konfransında Qarabağın statusunun Azərbaycan Konstitusiyası çərçivəsində müəyyən edilməli olduğunu söyləməsi olub.

Bununla da Paşinyan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyıb. Çünki Qarabağa Azərbaycan Konstitusiyası çərçivəsində statusun verilməsi əslində, belə bir statusun heç vaxt olmayacağı deməkdir. Nikol Paşinyan bu fikri səsləndirməklə Ermənistanın Qarabağa olan ərazi iddiasından imtina etdiyini və tərəf kimi münaqişədən çıxdığına işarə edib.

Ermənistanın Baş nazirinin qeyd edilən açıqlaması Qarabağdakı erməniləri siyasi nokauta salıb. Xankəndidən gələn bəyanatlarda Paşinyanı xəyanətdə və Qarabağı satmaqda ittiham edirlər. Eyni zamanda, Paşinyanın separatçı rejimin başçısı Araik Arutyunyanı devirmək planları barədə Ermənistan mətbuatının yazdıqları qarşıdurmanın artan xətt üzrə gedəcəyindən xəbər verir.

Çünki Paşinyan yaxşı anlayır ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sülh sazişinə nail olmaq üçün ilk növbədə, Qarabağdakı münaqişə ocağı söndürülməlidir. Yəni Araikin başçılıq etdiyi qondarma hökumətin mövcudluğuna son qoyulmadan Qarabağda yaşayan erməni əhalisinin Azərbaycanda inteqrasiya prosesinə cəlb etmək çətin olacaq.

Regionda münaqişənin davam etməsi problemin istənilən halda Ermənistana təsir göstərməsi deməkdir. Ona görə də Paşinyan yalnız Qarabağdan imtina ilə kifayətlənmir, həmçinin separatçı rejimin sıradan çıxarılmasına nail olmağa çalışır. Ancaq Ermənistanın Baş naziri bu planı həyata keçirmək üçün Araiki özünə yaxın bir nəfərlə əvəz etməyə çalışır.

“Hraparak” qəzeti yazır ki, Qarabağda qeyri-adi vəziyyət yaranıb. “Siyasi elita” müxalifətdən tutmuş hakimiyyətə qədər Ermənistan hakimiyyətinə qarşı üsyan qaldırıb.

“Məsələ burasındadır ki, Ermənistanın Baş naziri Samvel Babayanın vasitəsilə Araik Arutyunyanın hakimiyyətdən uzaqlaşdırılması proqramını həyata keçirməyə çalışıb. Əvvəlcə, büdcənin qəbulunu uğursuzluğa düçar etmək, sonra isə Qarabağın “prezidenti”ni impiçment etməklə bunu etmək istəyib. Nəticədə, Qarabağ öz subyektliyini itirəcək və daha “prezident” seçə bilməyəcəkdi. Lakin Araik Arutyunyan bu sui-qəsddən xəbər tutub və müxalifətlə məsləhətləşmələr nəticəsində bu proqramın birinci hissəsinin qarşısını ala bilib, büdcə qəbul edilib.

Samvel Babayan bəzi dairələrin köməyi ilə Araik Arutyunyana qarşı etirazlar yaratmağa çalışacaq. Qarabağda bunun tezliklə ikinci seriyasının şahidi olacağı istisna edilmir. Yeri gəlmişkən, büdcə layihəsinin qəbulundan sonra dekabrın 23-də Babayan Arutyunyanla görüşməyə cəhd etsə də, ondan imtina ediblər”.

Bütün bunlar 2018-ci ildən başlayaraq Paşinyanın “Qarabağ klanı”nı mərhələli şəkildə sıradan çıxartmaq planının son mərhələyə daxil olduğunu göstərir. Əvvəlcə, Ermənistanda “Qarabağ klanı”nı hakimiyyətdən salıb liderlərini həbsə atdıran Nikol 2019-cu ildə Qarabağdakı cinayətkar rejimin o zamankı rəhbəri Bako Saakyanı istefaya məcbur edib yerinə özünə yaxın olan Araik Arutyunyanı gətirdi.

2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra status-kvonun ləğvi və geosiyasi şəraitin dəyişməsi Araiki də Paşinyan üçün lazımsız adama çevirib. Ancaq Paşinyanın hədəfində yalnız Araik Arutyunyan deyil, bütövlükdə qondarma rejimin özüdür. O, Ermənistanı Qarabağ yükündən azad etməklə bütövlükdə “Qarabağ klanı”nın siyasi, hərbi və maliyyə qaynağını kəsməyə çalışır.

Öz növbəsində, Araik geri də çəkilmək fikrində olmadığını göstərmək üçün Paşinyana sərt mesaj verib:

“Qarabağın yaşaması və ermənilərə qalması üçün biz burada yaşayıb yaratmalıyıq” – deyən separatçı qurumun quldurbaşı mövqelərini gücləndirmək üçün Paşinyana qarşı Rusiya amilindən istifadə etməyə çalışır.

Araikin Qarabağdakı “rus icması”nın nümayəndələrini qəbul etməsi də əslində, Paşinyanı Kremlin barmağı ilə hədələməsi kimi başa düşülə bilər.

İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı Cebhe.info-ya açıqlamasında bildirdi ki, Paşinyanın Qarabağdan imtina etməsini Ermənistanda sensasiya adlandırırlar:

“Paşinyanın bəyanatı ATƏT-in Minsk qrupunun Qarabağdakı ermənilərə siyasi status veriləcəyinə dair ermənilərin ümidlərinin üstündən xətt çəkib.

İndi Ermənistanda fikirləşirlər ki, Dağlıq Qarabağ uzun illər onların boynunda yük olub. Bu yükü qaldırıb Ermənistan dövlətini xilas etmək üçün Qarabağdan imtina etmək, erməni əhalinin orada qalıb Azərbaycan vətəndaşlığı alması daha doğru olar.

Paşinyan da bu məsələni ermənilərə Azərbaycanın Konstitusiyası çərçivəsində status verilməsi şəklində ortaya atıb. Bu da həm Ermənistanda, həm də Qarabağdakı separatçılar arasında narazılıq doğurub. Belə bir fikir yarana bilər ki, Ermənistan Qarabağa iddiasından əl çəkir və bundan sonra vəziyyəti Azərbaycanın öhdəsinə buraxır.

Paşinyanın bu mövqeyini xəyanət kimi qəbul ediblər. Separatçılar da fikirləşirlər ki, Ermənistan hakimiyyəti Qarabağı həmişə qurban verib və bu siyasəti indi yeni mərhələyə çatdıra bilərlər. Həmin natarazılıq da buradan qaynaqlanır. Paşinyanın addımı da Qarabağdakı ermənilər üçün gözlənilməz olub. Ermənistan rəhbərliyi də düşünür ki, Azərbaycan Konstitusiyası digər xalqlara və milli azlıqlara necə şamil olunursa, ermənilərə də eyni qaydada tətbiq olunmalıdır. Yaranmış narazılığın pik həddə çatacağı gözlənilir.

Araik Arutyunyanın Ermənistan hakimiyyətinə qarşı çıxması Xankəndidə və Qarabağın ermənilər yaşayan digər ərazilərində dəstək qazana bilər. Bu siyasi ziddiyyətlər Azərbaycanın xeyrinədir. Rusiya sülhməramlıları Araiki himayə edir və onun vasitəsilə ilə istədiklərini edirlər. Separatçıların keçmiş rəhbərlərindən olan Samvel Babayan və onun ətrafında olan adamlar Paşinyanın tapşırıqlarını yerinə yetirmək üçün səfərbər olacaqlar.

Burada bir xaosun yaşanacağı müzakirə mövzusudur. Ona görə Azərbaycan bütün bunlara hazır olmalıdır və öz suverenliyini bu bölgədə təmin etmək üçün tədbirlər görməlidir. Rusiya sülhməramlılarından tələb olunmalıdır ki, bu bölgədə ola biləcək hər hansı dəyişiklik və ya bölgədə yaşanacaq gərginlik Azərbaycanın təhlükəsizliyinə təhdididir. Mənə elə gəlir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün həmin əraziyə özünün hüquq-mühafizə və digər hakimiyyət orqanlarının nümayəndəliklərini yerləşdirməlidir.

Eyni zamanda, Azərbaycan Rusiya sülhməramlıları ilə işləyərək öz ərazi bütövlüyünü təmin etmək üçün tədbirlər görməlidir. Çünki istər Araik Arutyunyan olsun, istərsə də Samvel Babayan, onların hamısı cinayətkar ünsürlərdir. Onlar Qarabağda öz cinayətkar fəaliyyətlərini yürüdə bilər. Bu da Azərbaycanın ortasında növbəti təhlükə mənbəyi ola bilər. Ona görə də Azərbaycan bu günlərdə həmin ərazidə daha fəal siyasət yürütməlidir”.

Müşfiq Abdulla
Cebhe.info

Alət çubuğuna keç