YALAN VƏ HƏQİQƏT!

TƏKRAR

KƏLBƏCƏR, LAÇIN, QUBADLI, ZƏNGİLAN, CƏBRAYIL RAYONLARININ ƏRAZİLƏRİ TARİXƏN KÜRDÜSTAN OLMAYIB, BU, BİR ERMƏNİ UYDURMASIDIR…

Hörmətli oxucu, bu mövzunun şərhinə keçməzdən əvvəl bildirmək istəyirəm ki, bu məqalənin yazılmasında mən heç bir millətçilik, milli ayrı-seçkilik duyğularının və bu sayaq adamların təsiri altına düşməmişəm. Əgər həqiqəti bilmək istəyirsinizsə, məni qınasalar da, etiraf etməliyəm ki, şəxsən özümü millətçi adam hesab etmirəm. Mənim üçün milliyətindən asılı olmayaraq yaxşı insan seçimi əsas şərtdir.


Məni bu mövzuya sövq edən əsas səbəb – doğma yurdlarımızdan didərgin düşdükdən sonra (1992- ci il may) baş verən bir sıra, ən yüngül halda xoşagəlməz söz-söhbətlər, xüsusilə “Ayna” qəzetinin 25 avqust 1992-ci il tarixli 44 (116) nömrəsində dərc edilmiş, “Kürd dövlətçiliyinin bərpa edilməsi haqqında Bəyənnamə” və “Kürd azadlıq hərəkatı komandanlığının Bəyənatı”nda verilmiş “1. Keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının kürd xalqı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının ərazisində yeganə sahibkardır” fikirləri olmuşdur.


Ermənilərin Azərbaycan Respublikasına qarşı torpaq iddiasında olduğu indiki dövrdə tarixən azərbaycanlılarla bir yerdə yaşayan və həmişə etnik azlıq təşkil edən qardaş Azərbaycan kürdlərinin (ümumiyyətlə kürdlərin) belə uydurma iddiası, lap onların adından olsa belə anlaşılmazdır…


Bu “Bəyanat”ların müəlliflərinin ermənilər olmasına heç bir şübhəm olmasa da, onun arxasında çox mətləblərin durmasını açıqlamağı özümün vətəndaşlıq, azərbaycanlılıq borcu saydım.

Məqsədim həm də Laçın, Kəlbəcər, Qubadlı, qismən də Zəngilan və Cəbrayıl rayonlarının əhalisinə, necə deyərlər, ucdantutma hamısına səhvən “kürd” deyilməsinin və bu ərazilərin yaxın keçmişdə “Kürdüstan” adlandırılmasının subyektiv, siyasi məqsədli meyllərdən irəli gəlməsinə, qeyri-obyektiv fikir olmasına və bundan bir çox daxili və xarici siyasi qüvvələrin, birinci növbədə ermənilərin öz mənafeləri üçün məharətlə istifadə etmələrinə, habelə, bütün Azərbaycan əhalisinin düşüncəsində tarixən formalaşmış yanlış stereotiplərə aydınlıq gətirməkdən ibarətdir. Bu, eyni zamanda həmin rayonların əhalisinə də çox mənada bir düşüncə aydınlığı gətirər…


Araşdırmalar göstərir ki, həmin rayonların bütövlükdə ərazisində yaşayan kürdlərin sayı tarixin hər bir zamanında oradakı azərbaycanlıların (türklərin) sayından çox-çox az olub. Bu yerlərin əhalisinin başdan-başa “kürd” adlandırılması tarixi səhvdir. Şimali Azərbaycan Çar Rusiyasının tərkibinə tam daxil olunduqdan (1828- ci il) sonra, 1897-ci ilə qədər (təxminən 70 il) bu tendensiya xüsusilə güclü olmuşdur. Həmin dövrə məxsus rusdilli mənbələrdə (əsasən də Tiflis nəşrlərində), ya real tarixi məlumatsızlıqdan, ya da məqsədli olaraq, bu nüans özünü daha qabarıq göstərmişdir. Bu məsələdə, əsasən həmin dövrdəki əsasən də ermənilərin qələmindən çıxma yazılı mənbələrə istinad edilir (Xatırladaq ki, həmin dövrdə əsasını torpaq iddiaları təşkil edən bu məsələ ilə əlaqədar mətbuatda gürcülərə qarşı da çox güclü iş gedirdi. Bunun nəticəsi olaraq hələ XX əsrin əvvəlində məşhur gürcü yazıçısı İ. Q. Çavçavedze “Erməni alimləri və fəryad edən daşlar” əsərini yazmışdı).


Həmin ərazidə yaşayan əhalinin böyük əksəriyyətini təşkil edən azərbaycanlıları (Oğuz türklərini) “kürd” adlandırmaqda iddialı olan bəzi kürdlərin və bununla razılaşan digərlərinin bu “total kürdləşdirmə” çıxışları (niyyətləri) onların hər hansı gizli bir siyasi məqsədlərindən başqa heç bir real milli zəminə malik deyildir. Sonrakı səhifələrdə bu məsələlərə daha ətraflı aydınlıq gətiriləcəkdir…

QEYD:


1. Mövzunun tərtibində əsasən rus dilli mənbələrə istinad olunduğundan tərcümə xətalarına yol verməmək üçün mənbələr və bəzi hallarda ifadələr rus dilində olduğu kimi verilmişdir.
2. Mövzu təkzib xarakteri daşıdığından bütünlüklə tarixi mənbələrə və tarixi faktlara istinad edilmişdir.

Olmuşları yada salarkən…

Azərbaycanda belə bir məsəl var: “Erməni deyər, müsəlmanın sonrakı ağlı mənim olsun”.


“Sonrakı ağlın” yaddaşından:


Keçən əsrin 70- ci illərinin axırından etibarən bizim zonada başqa rayon və respublikalardan “kürd təəsübkeşləri” görünməyə başladılar. Kürdlərin sıxışdırıldığı haqqında cürbəcür iddialar qaldırılanda bizim tərəfimizdən təəcüblə qarşılanır, bunun hansı səbəbdən edildiyini o zaman heç cürə başa düşə bilmirdik. Kürdlərin rayonun rəhbər orqanlarında təmsil olunmamaları, hətda “sıxışdırılmaları” barədə respublikanın rəhbər orqanlarına, Moskvaya şikayət məktubları yazılırdı. Rayon rəhbərlərindən hər hansı bir narazılıqları yaranan kimi, bəzi kürdlər Ermənistan Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinə və Nazirlər Sovetinə Ermənistanla birləşmək istəmələri barədə teleqramlar vururdular…


(Məlum 1988-ci il hadisələrindən sonra aydın oldu ki, bütün bu məsələlərin baş müəllifi və pərdəarxası dirijoru ermənilər olmuşlar).

SSRİ-nin qüdrətli dünyəvi bir dövlət sayıldığı o dövrdə, Sov.İKP MK-nın “ayıq, qayğıkeş” bir orqan kimi ölkəni məharətlə idarə etməsinə xalqda güclü fanatik inamda yaranmış arxayınçılıq, açıq desək, milli ayrı-seçkilik məsələlərinə Kommunist Partiyasının və onun yerli orqanlarının çox ciddi və qısqanclıqla yanaşması və buna görə də hər kəsi, xüsusilə partiya üzvünü gözləyən cəzanın (siyasi damğanın) qorxusu, yuxarıda sadalanan məsələlərə hər hansı formada münasibət göstərməyə imkan vermirdi. Əksər adamlarda isə belə hallara laqeyd yanaşmaq, əhəmiyyət verməmək, “mənə nə?”, “sənə nə?” psixologiyası formalaşmışdı. 1930-cu illərin repressiyalarının əks-sədası hələ də insanların qulaqlarından “sırğa kimi”asılmışdı. Bir rus xalq məsəlində deyilən: “мая хата c кpaя” adamların şəxsi şüarına çevrilmişdi. Heç kim “ağrımaz başına duz bağlamaq“ istəmirdi. Həyat “beynəlmiləçilik”, “bütün xalqların qardaşlığı” fonunda davam edirdi… … O zaman “Kommunist” qəzetinin 22 dekabr 1982-ci il tarixli buraxılışında SSRİ-nin 60 illiyi münasibətilə Sov. İKP MK — nın Baş katibi Y. V. Andropovun məruzəsi dərc olunmuşdu. Məruzədə deyilirdi: “İyirmi muxtar respublikada, on səkkiz muxtar vilayətdə və mahalda yaşayan bütün millətlər və xalqlar qardaşlıq ailəsində öz imkanlarını müvəffəqiyyətlə açıb göstərirlər. Milyonlarla almanlar, polyaklar, koreyalılar, kürdlər və başqa millətlərin nümayəndələri də tam hüquqlu sovet vətəndaşlarıdır, çoxdandır ki, Sovet İttifaqı onlar ücün vətənə çevrilmişdir”.
“Ardıcıl surətdə ona nail olmaq lazımdır ki, bu və ya başqa respublikalardakı bütün millətlər partiya və sovet orqanlarının müxtəlif vasitələrində lazımınca təmsil olsunlar”. Mən prinsipcə nə o vaxt, nə də indi bu fikrin əleyhinə olmamışam. Lakin indi düşünürəm ki, bu məsələdə ermənilərin “xidməti” olmuşdur. Çünki o zaman Sov. İKP MK-nın aparatında (Moskvada) sayca ruslardan sonra bəlkə də ikinci yerdə ermənilər (33 nəfər) dururdu.


— “Kommunist qəzetinin 17 avqust 1989-cu il tarixli nömrəsində (artıq M. Qorbaçov hakimiyyətə xüsusi görəvlə gətirilmişdi) “Müasir şəraitdə partiyanın milli siyasəti” Sov. İKP-nın platforması (layihə) ölkədə müzakirə üçün dərc olunmuşdu. Platformanın “Milli muxtariyyatın rolunu və hüquqi statusunu yüksəltməli” bölməsində göstərilirdi ki, öz milli ərazi qurumları olmayan millətlərin yığcam yaşadıqları yerlərdə milli rayonlar, kənd, qəsəbə-sovetləri yaradılsın; milli qurumların və icmaların özünüidarə hüququ qanunvericilik qaydası ilə təsbit edilsin”. Layihənin “Milli məsələ və vətəndaşların hüquqları” bölməsində yazılmışdı: “Dağlıq Qarabağ Muxtar Vilayətinin, Krım tatlarının, yunanların, kürdlərin, koreyalıların, mesxeti türklərinin və başqalarının problemlərinin həlli üçün hər cür tədbirlər görmək”.


Layihə mətbuatda dərc olunandan sonra dərhal Azərbaycan KP MK-da Laçın rayonunun bazasında – kürdlərin yaşadığı ərazidə ikinci bir rayonun yaradılması məsələsi səslənməyə başladı və bu rayonun konturları da cızıldı. Orada kürdlərin yaşamadığına görə Qarıqışlağın mərkəz olmasına kürdlərin etiraz səsləri eşidildi. Kürdlərin sayca azlığı və onların yaşadıqları kəndlərin (cəmi 10 kənd) ümumiyyətlə az ərazi əhatə etməsi və bunun rayon yaratmaq kriteriyasını (normasını) ödəməsi bəzi kürd liderləri onlarla qonşu olan, ancaq azərbaycanlıların yaşadığı bir sıra kəndlərə (xüsusilə “Şəlvə dərəsi” adlanan bölgədəki kəndlərə) nümayəndələr göndərərək tərəfdaşlar toplamaq işinə sövq etdilər. Hətta yeni yaradılacaq rayona təyin ediləcək rəhbər işçilərin də bölgüsü haqqında düşünməyə başladılar…


Söhbətlər zamanı rəsmi olmasa da, məlum oldu ki, 1926-cı ildə aparılan əhalinin siyahıyaalinmasından sonra da buna bənzər situasiya yaranıb. Hətta respublikanın rəhbər orqanlarında mərkəzi Pircahan kəndi olmaqla kürdlərin yaşadığı ayrıca rayon təşkil etmək məsələsi qaldırılıb. Onda da Pircahanda kürd yaşamadığına görə onun mərkəz olmasına kürdlərdən etiraz səslənib…


… 1989-cu ilin sentyabr ayının 19-da Sov.İKP MK-nın plenumu oldu. Plenum “Müasir şəraitdə partiyanın milli siyasəti haqqında” məsələni müzakirə ettdi. Sentyabr ayının 20-də “Kommunist” qəzetində plenumun materialları dərc olundu. Layihədən fərqli olaraq qəbul olunmuş platformada yazılmışdı: “Respublika Ali Sovetlərinin, diyar və vilayət Xalq Deputatları Sovetlərinin razılığı ilə öz milli ərazi qurumları olmayan millətlərin yığcam yaşadıqları yerlərdə milli rayonlar, kənd, qəsəbə sovetləri yaradıla bilər. Belə milli qurumların və icmaların özünüidarə hüququ qanunvericilik yolu ilə təsbit edilsin”. Lakin respublikanın rəhbər orqanlarında Laçın rayonunda kürdlərin sayının 5 min nəfərdən çox olmadığı məlum olduqdan sonra həmin məsələyə münasibət səngidi. Eyni zamanda Dağlıq Qarabağ məsələsinin kəskinləşməsi və Moskvada vəziyyətin getdikcə gərginləşməsi, sonra isə SSRİ-nin dağılması hər şeyə son qoydu…

…Yuxarıda qeyd olunan məsələnin ölkədə müzakirə zamanı şaiyə formasında olsa da belə söz-söhbət gedirdi ki, Ermənistanda yaşayan kürdləri Laçın rayonu ilə qonşu olan Sisiyan rayonuna köçürürlər. Bu o demək idi ki, Laçın rayonunda yaşayan kürdlər milli rayon yaratdıqdan sonra onların qonşuluğundakı (Sisiyana köçürülən) kürdlərə birləşdirilməsi məsələsi ya SSRİ hökuməti, ya da beynəlxalq təşkilatlar qarşısında qaldırılacaqdı. Beləliklə, Ermənistan tabeliyində ayrıca kürd muxtar rayonu olmaqla onun Dağlıq Qarabağla birbaşa sərhəddi yaranacaq və DQMV-nin, necə deyərlər, qansız-qadasız Ermənistana birləşşdirilməsi təmin olunacaqdı. Deməli, ermənilərin kürdlərə “xidmətinin” əsas səbəbi bu imiş. SSRİ dağıldı, bu siyasət baş tutmadı…


Lakin Dağlıq Qarabağla Ermənistan arasındakı əsas keçid (tranzit) ərazi olan Laçın rayonu işğal olunduğundan “kürd kartı” ı təsir zonasında saxlanıla bilmədi…


Sıravi kürd əhalisi özləri bilmədən böyük bir siyasi oyunun içinə qatılmışdılar…

Azərbaycanda, habelə Qarabağda əhalinin məskunlaşması prosesi ilə bağlı XVI-XIX əsrlərə tarixi ekskursiya…

Səfəvilər hakimiyyətə gəldiyi vaxtdan (XVI əsrin başlanğıcı) Azərbaycan, xüsusilə Zaqafqaziya uğrunda başlanan və müəyyən fasilələrə 200 ilə qədər davam edən Osmanlı – İran müharibələrinə 1720-ci ildən sonra çar Rusiyasının da qoşulması nəticəsində Azərbaycan (şimallı-cənublu) uzun müddət müharibə meydanına çevrilmişdir. Tarixdən olduğu kimi müxtəlif fasilələrlə, təxminən 336 il (XVI əsrin əvvəlindən, XIX əsrin III onilliyinin sonunadək) davam edən bu işğalçılıq müharibələri dövründə (üst-üstə cəmi 100 ildən çox) Azərbaycan (əsasən şimali) gah Osmanlı Türkiyəsinin, gah da Səfəvi İranın hakimiyyəti altında olmuş, sonra isə çar Rusiyası da ona şərik çıxmışdır:


Zaqafqaziya regionunda.


Osmanlı – Səfəvi (Türkiyə-İran) müharibələri:
1514-1555- ci illər – 41 il
1578-1590 -cu illər – 12 il
1603-1612 -ci illər – 9 il
1616-1618- ci illər – 2 il
1623-1639- cu illər – 16 il
1723-1736 -cı illər – 6 il
——————————————-
90 il

Rusiya-İran müharibələri:
1723- cü il
1750- ci il
1796- cı il
1802-1813 -cü il – 11 il
1823-1828 -ci il – 5 il
Rusiya- Türkiyə müharibələri:
1877-1878- ci illər – 2 il
———————————————
18 il

Müharibələr Azərbaycanın siyasi və iqtisadi həyatına ağır zərbələr vurduğu kimi, orada əhalinin məskunlaşması prosesində də çox ciddi problemlər yaratmışdır. Onlarla şəhər və kənd dağılıb xarabalığa çevrilmiş, yüzlərlə, minlərlə günahsız adamlar məhv edilmişdilər. Baş verən uzun və yorucu müharibələr, yoluxucu xəstəliklər və aclıq əhalinin qırılmasına, sağ qalanların isə doğma ata-baba yurdlarını tərk etmələrinə səbəb olmuş, daimi məskunlaşmalarına imkan verməmişdir. O zamankı müharibələrdə uğrunda mübarizə aparılan ərazilərdəki yerli əhalini bəzən bir müdafiə tədbirli, bəzən də bir cəza tədbiri kimi yaşadıqları (məskunlaşdıqları) ərazilərdən başqa ərazilərə (regionlara) köçürmək, qırmaq, əsir aparmaq, “yandırılmış torpaqlar” siyasəti yeritmək kimi taktiki gedişlər (metodlar) bir səciyyəvi (“qanunauyğun”) hal almışdı (Bu, ikinci dünya müharibəsi dövründə SSRİ ərazisində “etibarsız sayılan” bəzi millət və xalqların, o cümlədən Azərbaycanın bir sıra cənub sərhəd rayonlarının əhalisinin başqa regionlara deportasiyasını xatırladır). Əhalinin çox az, müəyyən bir hissəsi isə qaçıb dağlarda, əlçatmaz yerlərdə yaşamaq məcburiyyətində qalırdı. Bundan başqa, Azərbaycan uğrunda Türkiyə — İran müharibələrinin ideoloji əsasını dini motivlər də təşkil edirdi. Şah İsmayıl Xətai ilə (Səfəvilər İranı) Sultan Səlim (Osmanlı Türkiyəsi) arasında 1514-cü ilədək müharibədən sonra Türkiyədən başlanan şiə-sünni ədavəti, şiələrə qarşı tədbirlər, həbslər, edamlar XVI əsrin sonrakı onilliklərində də davam etmişdir ki, bununda nəticəsində şiə türklərin demək olar ki, hamısı Şərqi Anadolunu tərk edərək Səfəvilər İranına köçmüşdür. (Ümumiyyətlə, tarixdə Anadoludan oğuz türklərinin İrana zaman-zaman (XIV-XVII əsrlərdə) olmaqla 6 dəfə köç etməsi məlumdur. Azərbaycana daxil olan türk (Osmanlı) qoşunları əhalinin şiə təriqətinə mənsub hissəsini ya qırır, qovur, əsir götürür, talan edir, ya da onların üzərinə çox ağır vergilər qoyurdu. İran (Səfəvi) qoşunu da burada yaşayan sünni təriqətinə mənsub əhaliyə qarşı analoji (oxşar) münasibət bəsləyirdi…

(Ardı var)

Fədai.az

Alət çubuğuna keç