İcra Hakimiyyətləri ləğv edilir, valilik sisteminə keçilir, 5 il sonra isə…

Bir müddət əvvəl bəzi icra hakimiyyətlərinin fəaliyyətləri ilə bağlı aşkarlanan və cəmiyyətə təqdim olunan neqativ hallar bu sahədə köklü islahatların aparılmasının vacibliyi ilə bağlı müzakirələrin açılmasına səbəb olmuşdu. İcra hakimiyyətlərinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun təkmilləşdirilməsi təkliflər sırasında idi.
“Qanun qəbul edilməli və ona əsasən, uzağı 5 ildən sonra rayonlar tamamilə özləri-özlərini dolandırmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Cümşüd Nuriyev rayonların mərkəzdən asılı olmadan özləri-özlərini dolandıra bilməsi üçün nələrə ehtiyac olduğunundan danışarkən deyib.
Həmsöhbətimizin fikrincə, rayonların özünü təminat məsələsi gecikmədən tez bir zamanda öz həllini tapmalıdır:
“İşğaldan azad edilmiş əraziləri çıxmaq şərtilə digər rayonların, xüsusən də aran və dağətəyi bölgələrin özünü təmin etmək səviyyəsi yüksəkdir. Amma məsələ ondadır ki, icra başçıları rayona investisiya cəlb etmək əvəzinə, yerli imkanlı şəxsləri şantaj etmək, sıxışdırmaqla məşğuldurlar”.
C. Nuriyev qeyd edir ki, bölgələrin özünü öz hesabına dolandıra bilməsi üçün rayon sistemi ümumiyyətlə, ləğv olunmalıdır:
“Elə rayonlarımız var ki, əhalisinin sayı cəmi 2-3 mindir. Bu, kimə lazımdır. Rayonları iqtisadi rayonlar çərçivəsində birləşdirib, valilik sisteminə keçməliyik. Belədə, bələdiyyələr də özləri-özlərini təmin etmək məcburiyyətində qalacaqlarından, maliyyə mənbələri axtarmağa məcbur olacaqlar. Azərbaycan artıq 30 ildir müstəqildir. Bu müddət ərzində köhnə sistemdə qalmağımız başucalığı gətirmir”.
Ekspert düşünür ki, məsələnin həlli üçün rayonların özünümaliyyələşdirməsi və yaxud yerli orqanların özünü maliyyələşdirilməsi haqqında qanuna da ehtiyac var:
“Burada əksini tapacaq maddələrdə rayonların özlərini necə təmin etməli olduğu da göstərilməlidir. Azərbaycanda rayonlarımız əkinçilik, heyvandarlıq və bitkiçilik üzrə bölünüb. Bir sözlə, rayonlar özünü maliyyələşməyə keçməlidir. Bu da tədricən həyata keçməlidir. İlk iki ildə özünü maliyyələşmə prosesi 50 faizi civarında əhatə olunmalıdır. 5 ildən sonra isə rayonlar tamamilə özləri-özlərini maliyyələşdirməlidir. Belə bir iqtisadi mexanizmin tətbiqilə son nəticədə rayonların özləri-özlərini dolandırmasına nail olmaq olar”.

Millət vəkili Ceyhun Məmmədov APA TV-yə müsahibəsində bildirib ki, bütün sahələrdə islahatlar getdiyi bir zamanda idarəetmədə də yeniliklər vacibdir: “Konkret olaraq bir neçə icra başçısının fəaliyyətindəki neqativ hallara görə Prezident İlham Əliyev bir sıra mühüm qərarları qəbul etdi. Həmçinin həbs edilənlər də oldu və Azərbaycan cəmiyyəti də burada hansı formada işlərin qurulduğunun şahidi oldu. Bu gün ümumiyyətlə dünyada müxtəlif idarəçilik modelləri üzərində iş gedir. İcra hakimiyyəti strukturu sovet dövründən mövcud olan bir struktur idi. Katiblik, raykomlar və s. Bu gün isə görünən odur ki, bizdə də bu qədər icra hakimiyyətinin fəaliyyətinə ehtiyac yoxdur. Cənab Prezidentin son sərəncamı, yəni Qarabağ üzrə xüsusi nümayəndəsinin təyin edilməsi ona hesablanmış bir addımdır ki, artıq bölgü aparılır və bu qərar idarəçilik sahəsində atılmış mühüm addımdır”.

Deputat hesab edir ki, Qarabağın nümunəsində ayrı-ayrı bölgələrdə infrastruktur layihələri icra olunur. Ceyhun Məmmədovun sözlərinə görə, görülən işlərə və reallaşacaq meqa layihələrə bir nəfərin cavabdeh olması məqsədəuyğundur.

O qeyd edib ki, əhali sayı 50-60 min nəfər təşkil edən iqtisadi rayonlarla bağlı da təkmilləşdirilmiş idarəçiliyə keçmək olar. Eyni zamanda, kifayət qədər ağırlaşmış strukturlardan çevik, operativ qərarlar qəbul edən regional strukturlara keçid, idarəçiliyi mobilləşdirərək daha işlək mexanizmlə idarəetməni təşkil etmək mümkündür.

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, sovetdən qalma icra strukturları subsional olaraq özünü doğrultmur.

Onun sözlərinə görə, dəfələrlə İcra Hakimiyyətlərinin fəaliyyəti ilə bağlı neqativ hallar yaşandı, yeri dəyişdirilənlər də oldu, həbs olunanlar da, amma problem hələ də qalmaqdadır: “Çünki yerli İcra hakimiyyəti institutları sovetdən qalma katiblik institutunun davamı idi. Onların səlahiyyət və məsuliyyət bölgüsü tam qanunlar çərçivəsində müəyyənləşdirlməmişdi. Zaman-zaman təyin olunan icra başçıları davranışlarında hər şeyin sahibi kimi mükəlləf aparırdılar özlərini. Bu da vətəndaş narazılığına səbəb olurdu, biznesin inkişafına əngəl yaradırdı, həmçinin yerli sahibkarlara basqılar belə edilirdi. İnstitutsional olaraq yerli icra hakimiyyətlərinin özünü doğrultmadığı aşkar görünür. İndi görünən odur ki, addım-addım yerli icra hakimiyyəti strukturlarının ləğvi, əvəzinə böyük iqtisadi rayonların inzibati ərazi vahidlərinin yaradılması və Prezidentin səlahiyyətli nümayəndələrinin təyin olunması prosesinə start verilib”.

Natiq Cəfərli qeyd edib ki, paralel olaraq növbəti addım kimi yerli bələdiyyə institutlarının gücləndirilməsi, mer seçkilərinin təyini və bələdiyyə strukturları ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklərin olunmasına ehtiyac yaranacaq. Ekspertin sözlərinə görə, yerli özünüidarəetmə institutlarının güclənməsinə ehtiyac yaranır.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirir ki, yerlərdə icra hakimiyyəti konstitusiyanın 124-cü maddəsi ilə müəyyən olunur. Hazırkı halda islahatların aparılması üçün konstitusion reformalara ehtiyac var. Çünki təsisatların adının dəyişdirilməsi və əhatə dairəsinə müddəalar daxil olunmalıdır: “Rayon, şəhər icra hakimiyyəti başçıları institutu var. İnzibati ərazi quruluşunu dəyişmədən bu təsisatda islahat aparılması üçün yerli icra orqanları ilə bağlı əsasnaməyə yenidən baxılmalıdır. Hazırda İcra başçıları üçün verilən səlahiyyətlərin bəziləri formal xarakter daşıyır”.

Görünən odur ki, ölkədə mərkəzi və yerli icra orqanlarının fəaliyyətinin optimallaşdırılması vacib şərtlərdən birinə çevrilib.

Alət çubuğuna keç